Əsas səhifə > Xəbər > Hüquq-mühafizə orqanları Yalçın Rzazadənin şikayətini araşdırmaq istəmir

Hüquq-mühafizə orqanları Yalçın Rzazadənin şikayətini araşdırmaq istəmir

Yalçın Rzazadə: «Əbülfəs Qarayev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə məktub yazaraq həmin kitabxanadan imtina edib. Dövlət Komitəsi isə kitabxananı Cahangir Əsgərova verməyib. Sadəcə, Cahangir Əsgərov həmin kitabxananı zəbt edib, təmir elətdirir» Xalq artisti Yalçın Rzazadə Müstəqil İnformasiya Agentliyinə (mia.az) müsahibə verib.

– Yalçın müəllim, bir müddət əvvəl həyat yoldaşınız, Ə.Məmmədxanlı adına Kitabxananın müdiri Roza Rzazadənin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin adamları tərəfindən döyüldüyünü, özünüz isə ölümlə hədələndiyinizi bildirmişdiniz. Hətta bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət də etmişdiniz. Məsələ nə yerdədir?

– İstintaq Səbail rayonunda aparılırdı. Amma Səbail rayonunda istintaq işi tamamlanmadan başqasına verildi. Müstəntiqə zəng vurub dedim ki, bu işi başqasına niyə vermisiniz? O isə bildirdi ki, bizə göstəriş veriblər ki, dövlət məmuruna cinayət işi açıla bilməz, bu şəxs yuxarı orqanlarla əlaqəlidir. Mən də dedim ki, bilmirəm onun arxasında kimlər dayanıb, amma sizin sözlərinizdən belə çıxır ki, dövlət məmuru kimi istəsə döyə, hətta öldürə də bilər? Mən, respublikada tanınmış sənət adamıyam. Bilmirəm mənə qarşı bu biganəlik hardandı? O isə bildirdi ki, bizə tapşırıq belə verilib. Nə deyirlərsə, ona əməl etməliyik. Mən də yeni bir ərizə yazmaq məcburiyyətində qaldım.

– Ərizəni kimə yazdınız?

– Respublika Prokurorluğuna yazdım. Bir müddət sonra məni ora çağırdılar. Vəziyyəti danışdım. Bildirdim ki, mənim həyat yoldaşım döyülüb, Səbail rayonunun hüqüq-mühafizə orqanları isə işə baxmaq istəmir. Onlar da bildirdilər ki, narahat olmayın, biz bu işə baxarıq. Gözlədim. Aradan bir az keçəndən sonra Respublika Prokurorluğundan məktub gəldi ki, sizin şikayətinizə baxıldı, bundan əvvəlki istintaqın işi ləğv edildi və iş yenidən baxılmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi. Sonra məlumat aldım ki, bu işin ora göndərilməsi elə-belə deyil. Sən demə, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbər şəxslərindən olan Yaşar Əliyev Əlikram Əliyevin xalası oğludur. Mənə elə gəlir ki, bu işin həmin ünvana göndərilməsi də təsadüfi deyil. Çünki onlar yaxşı bilib ki, bu məsələ «şişəcək». Odur ki, məsələni ört-basdır etmək üçün Yaşar müəllimi bu işə cəlb ediblər. Mən işi aparan müstəntiqlə görüşəcəm. Ona deyəcəm ki, bu məsələdə qohumbazlıq yeriməyəcək. Çünki bütün faktlar sübut edir ki, Əlikram Əliyev Roza Rzazadəni döyüb. Ekspertizanın rəyi də bunu təsdiqləyir. Belə olan halda, Yaşar Əliyev Əlikram Əliyevi necə müdafiə edə bilər? Dövlətin qanunları var. Əgər bu qanunlar ayaq tutub yeriməyəcəksə, o zaman bunlar kimə lazımdı? Heç kəsin ixtiyarı yoxdur ki, kimisə döysün. Amma bir qadın, özü də dövlətin işinin başında döyülübsə, bu işin üstündən necə keçmək olar? Sözə bir bax

– dövlət məmuruna iş açıla bilməz. Bu hansı qanunda yazılıb? – Məsələ ilə bağlı ölkə başçısına müraciət etdinizmi?

– Teleqram vurmuşam, hələ cavab verilməyib. Yenidən məktub göndərəcəm. Bu dəfə başqa yolla. İnanıram ki, cavabı gələcək. Bu günə qədər çox dərinə getməmişəm. Bunun da başlıca səbəbi səhhətimin qaydasında olmamasıdır.

– Bəzi qəzetlərdə isə yazıblar ki, guya mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bu məsələ ətrafında aranızda anlaşma olub. Doğrudurmu?

– Əbülfəs Qarayev məni harada görüb ki? Yaxud Roza xanımı o, harada və nə vaxt görüb? Əgər görüşmüşüksə, o zaman cinayət işinin sorağı niyə başqa ünvanlardan gəlir? Mən hər gün həkimlərdəyəm. Roza xanım da hər gün həkim nəzarətindədir. Çünki mən təhqir olunmuşam, həyat yoldaşım isə döyülüb. Bunu edən şəxs isə hələ də vəzifə başındadır. Mən nədən qorxmalıyam, yaxud niyə susmalıyam? Adam da namusunu satarmı? Pulları var deyə, onlara boyun əyməliyik? Bu saat həmin kitabxanada təmir işləri gedir. Bütün kitabları oradan çıxarıblar. «Azal»ın rəhbəri Cahangir Əsgərov kitabxananın yerini zəbt edib. Bunu orada təmir işləri aparan fəhlələr də təsdiqləyirlər. Onlardan soruşublar ki, sizi bura kim təhkim edib, haranın fəhlələrisiniz? Deyiblər ki, bizi Cahangir Əsgərov göndərib.

– Amma deyirdilər ki, Əbülfəs Qarayev guya həmin kitabxananı hansısa mərkəzə çevirib…

– Yalandı. Əbülfəs Qarayev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə məktub yazaraq həmin kitabxanadan imtina edib. Dövlət Komitəsi isə kitabxananı Cahangir Əsgərova verməyib. Sadəcə, Cahangir Əsgərov həmin kitabxananı zəbt edib, təmir elətdirir. MIA

  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: