Arxiv
Torpaq bazarında aktivlik azalır
Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması Qaradag rayonunda əmlakın qiymətini artırıb
26.05.2009. Əmlak Bazarı İçtirakçıları” İB Bakı şəhəri ərazisində torpaq bazarı üzrə son statistik rəqəmləri açıqlayıb (AJAŞ Xəbər). Aprel ayı üçün təqdim edilən statistikada bazara təklif olunan 810.7 ha torpaq sahəsinin 76.9%-nin boş sahə, qalanının isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələrinin təşkil etdiyi məlum olub.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında bir qədər də zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi, torpaq bazarında da formalaşan passiv tendensiya əsasən iqtisadi böhranın təsiri ilə bağlı olub.
Ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq, 21630 $/sot səviyyəsindən 20743 $/sot səviyyəsinə enib.
Qiymətlərin hələ də real dəyərindən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Ən çox qiymət azalması isə Səbail (-5,4%) rayonunda qeydə alınıb. Son dörd ayda ilk dəfə olaraq, nisbi də olsa, Qaradağ rayonunda qiymət artımı (0,7%) olub. Araşdırmalar göstərir ki, Qaradag rayonunda “Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması bu rayonda əmlakın qiymətinə təsirsiz ötüşməyib.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Suraxanı və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (330000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.
Əvəz Qurbanlı
ŞƏRHLƏR