ABŞ-ın Global Integrity anti-korrupsiya təşkilatı Azərbaycan üzrə 2009-cu il hesabatını açıqladı
Hesabat Azərbaycanı 100 ballıq şkala üzrə 64 balla- korrupsiya ilə mübarizə, şəffaflıq və idarəetmə sahəsində “zəif” qiymətləndirdi
Fevralın 23-də Amerika Birləşmiş Ştatlarının “Global İntegrity” təşkilatı 36 ölkə, o cümlədən Azərbaycanda anti-korrupsiya və yaxşı idarəçilik üzrə 2009-cu il hesabatını yaydı. Hesabat altı kateqoriya üzrə- vətəndaş cəmiyyəti, ictimai məlumat və media, seçkilər, hakimiyyətin hesabatlılığı, dövlət qulluğu, nəzarət və nizamlama, anti-korrupsiya və hüququn aliliyi sahələrini əhatə edən 300-dən çox sualı cavablandırır. Təşkilatın rəyinə görə, Azərbaycan 100 ballıq şkala üzrə 64 balla yekunda “zəif” qiymətinə layiq görülüb.
Hesabata əsasən, Azərbaycanda qanunvericilik bazası yetərincə mohkəm olsa da, onun tətbiqi təcrübəsində ciddi problemlər var. Bu baxımdan, təşkilat qanunvericilik bazasının səviyyəsinə görə Azərbaycana 100 maksimum baldan 88, onun icrası praktikasına görə isə cəmi 40 bal verdi. Beləliklə qanunvericiliyin icra kəsiri böyük- 48 bal oldu. Korrupsiyaya qarşı Mübarizə haqqında 1 yanvar 2005-ci ildən qüvvəyə minən Qanunun bir sıra önəmli müddəaları – hədiyyə alma ilə bağlı məhdudiyyətlər, yaxın qohumların bir yerdə işləməməsi, vəzifəli şəxslər tərəfindən gəlir bəyannamələrinin təqdimatı ilə bağlı normalar 2009-cu ildə də icra olunmamış qaldı. Hesabatda həmçinin deyilir ki, icra hakimiyyətinin qanunverici və məhkəmə hakimiyyəti üzərində güclü nəzarəti davam etməklə yanaşı, büdcənin təsdiqi prosesi, məhkəmə qərarları, dövlət qurumları, audit, Ombudsman, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası icra hakimiyyətinin təsiri altındadır.
Hesabatda Azərbaycanda vahid pəncərə sisteminə keçidlə bağlı kommersiya təşkilatlarının qeydiyyatı sahəsindəki bürokratik əngəllərin aradan qaldırılması, Auditorlar Palatasının beynəlxalq audit standartlarının icrası üzərində fəaliyyəti müsbətə doğru addım kimi qiymətləndirildi. Qeyd edək ki, Global İntegrity 2006-cı il hesabatında Azərbaycanı 60 balla “çox zəif”, 2007-ci ildə 65 bal, 2008-ci ildə isə 61 balla “zəif” qiymətinə layiq görmüşdü.
Hesabatın ingilis dilində tam mətni ilə bu linkdə tanış olmaq olar: http://report.globalintegrity.org/Azerbaijan/2009
Xatirladaq ki, Global Integrity ABŞ-da yerləşən və çoxsaylı mükafatlara layiq görülən müstəqil beynəlxalq qeyri-kommersiya təşkilatı olmaqla, inkişaf etmiş və inkişaf etməkdə olan 100-dən artıq ölkənin 900-dən çox yerli ekspertlər şəbəkəsinin köməyi ilə anti-korrupsiya islahatları, şəffaflıq və hesabatlılığın illik analizini aparır.
ŞƏRHLƏR