YAĞIŞ YAZACAQ…
Bax göy guruldayır, yenə yağış yağacaq. Yenə küçələrdə balaca gölməçələr doğulacaq yağışdan. Yenə külək əsəcək, ləpələndirəcək gölməçədəki suyu. Külək coşaraq yağışı pəncərəmə çırpacaq. Yağış şüşəni döyəclədikcə xəyala dalacam, səni xatırlayacam. Yağışın həzin səsinə sözlərdən naxış vuracam. Bəlkə yağış, külək məni üşüdəcək, amma tir-tir əssəm də qorxmayacam soyuqdan. Yenə xəyalım şəhəri dolaşacaq, səni arayacaq. Gəzəcəm əyri küçələrdə….baxacam tikilən körpülərə. Hərdən qorxacam, bəlkə uçurdar külək onları, bizim sevgi qalamızı uçurdan kimi deyə….
Dolaşacam, yağışda islanan, soyuqda üşüyən, mənsiz birini tapmaq istəyəcəm. Hansı küçə ilə gedəcəyimə qərar vermək çətin olacaq, vallah! Hansı qapını döyüm bilməyəcəm, səni harada tapacağımı bilmirəm!
Bu gecə yağışla külək mübarizə edəcək. Romantika dolu yağış yatanları oyadacaq, oyaqları həyəcana qərq edəcək. Gəzdikcə şəhəri deyəcəm bəlkə, bu yağış kiminsə həsrətini, kiminsə cavabsız sevgisini, kiminsə yenicə doğulmuş, körpə sevgisini isladacaq. Düşünəcəm, bəlkə o biri küçədə mənim kimi biri var. Bəlkə o, mənim həsrətimdir… Elə yağan yağış da minlərlə insanın acısının təcəssümü, göz yaşlarıdır.
Bax bir işıq gəlir uzaqdan. Bəlkə bu sevənlərin xoşbəxtlik gəmisinin işıqlarıdır, qamaşdırır gözlərimi. Bu gecə Xəzər yaman coşub, sən demə dənizçidir yan alır sahilə.
Soruşuram: Dənizçi, sevənlərin gəmisini gördünmü?
Dinib-danışmır. Nə olub yoxsa fırtına… Səs gəlir uzaqdan! Bu da təcili yardım maşının həyəcan siqnalı. Xəbər aldım ki, bəlkə soyuq kimisə üşüdüb…Yox, yox bir körpə doğulur bu gecə. Ah! Görən onun taleyinidəmi yağış yazacaq?!
guler hanim susuz, yagmur yagmayan bi colde yasasaydin yine boyle dusuncelerin olurmuydu??? acaba ne dusunurdunuz merak ediyorum.
gewweng. yagiw yaganda hemiwe bu yazdigin yadima gelir. eladi. congrulations :)))
Qaqa cani lezet eledi… ele oxudum ki, bir de gordum bitdi…eladi.