Payızın izi ilə…
Payız yaşıl ağacların qapısını çoxdan döymüş, yamyaşıl yarpaqlarına əvvəl sarı don geyindirmiş, sonra xəzana döndərmişdir. Əvəzsiz ekzotika yaranıb. Indi də yağış yağır…Bulud bu gecə göz yaşları ilə xəzanı nəmləndirəcək. Amandır üşüməsin yarpaqlar! Yağışla yuyunacaq onlar…
Bu yağış çuxurları dolduracaq evə qayıdanları isladacaq. Kimisi iti addımlarla evə tələsəcək, kimisi həzz alacaq, asta-asta yürüyəcək küçələrdə. Kimi romantika dolu yağışın damlalarına sirdaş olub qələmə sarılacaq. Bəlkə kiminə ayrlıqları, kiminə həsrəti, kiminə tənhalığı, kiminə ilk sevgini xatırlatmaq üçün yağır bu yağış.
Bir ürək də yağışla birgə gəzəcək küçələri. Şəhərin küçələrini yuduqca yağış, ürək qoşa izlərin silindiyindən kədərlənəcək. Ağlayacaq gözlər yağışla bərabər, darıxacaq ürək.
Kimə söyləsin dərdini, sözünü. Yağışın səsi oyadacaq nakam məhəbbətləri yuxudan. Qanadı qırıq sevgilər, sərxoşlar kimi gəzəcək küçələri. Axtaracaq, elə hey axtaracaq. Amma… çox uzaqlarda olan sevgiləri tapmayacaq.Darıxıb yağışın izi ilə döngələri, tinləri yoxlayacaq. Bəlkə burda, yoxsa ordadır?!
Soruşanlar olacaq nə adı, nə də bir ünvanı var söyləməli. Sükutu pozacaq damla- damla axan yağışın şırıltısı. Naməlum bir məhəllə pişiyi də daldalanmaq üçün yer axtarır bu gecə. Ürək isə nə üşümək, nə evə getmək istəyir. İllər öncə itirdiyini axtarır. Axı küçələr dəfələrcə yuyulub, süpürülüb. Belkə, görmüşlər?Fanarlar altında yağışın damlaları rəqs edəcək, sanki epiloqu xatırladır kimi. Daha nə bu yağışdan, nə də o … olmayacaq. Eh!… Bu gecə ürək nələri xatırlayacaq?! Bir daha ayrılığı, tənhalığı duyacaq.
ŞƏRHLƏR