Luigi Pirandello – Ağzı çiçəkli adam (1923)
İŞTİRAKÇILAR:
Ağzı Çiçəkli Adam
Səssiz Müştəri
Əlavə: Sona doğru, göstərilmiş yerlərdə, başında sallaq tüklü köhnə şapqa olan, qara geyinmiş bir qadın kölgəsi, küncdə iki dəfə görünəcək.
Səhnənin dərinliyində bir prospektin ağacları görünür, yarpaqların arasından elektrik lampalarının işıqları sızır. İki tərəfdə, prospektlə birləşən bir küçənin sonuncu evləri. Soldakı evlərin altında yoxsul bir, gecələri də işləyən kafesi,kafenin qarşısında səkinin üstünə atılmış stol və stullar var idi. Sağdakı evlərin qarşısında yanan bir lampa. Geniş yolun tininə düşən soldakı son evin qarşısında da, yenə yanan bir fanar. Gecə yarısını biraz keçib. Uzaqdan, aradabir, mandolinin titrəyən səsi eşidilir.
Pərdə açılanda, Ağzı Çiçəkli Adam stolların birində oturub, yan stolda bir qamışla nanə sirobu içən Səssiz Müştərini uzun-uzadı, səssizcə incələyir.
AĞZI ÇIÇƏKLI ADAM
– A, sizə demək istəyirdim. Deməli, səssiz bir adamsınız siz… Qatara gecikmisiniz?
SƏSSIZ MÜŞTƏRI
– Bir dəqiqəyə görə, təsəvvür edin! Stansiyaya girirəm və qatarın tərpəndiyini görürəm.
AĞZI ÇIÇƏKLI ADAM
– Arxasınca qaça bilərdiniz!
SƏSSIZ MÜŞTƏRI
– Doğrudu! Gülünəsi bir şey bilirəm. Əlim o paketlərlə, paketciklərlə dolu olmasaydı, çatardım! Bir eşşəyinkindən çoxlu yüküm var idi! Amma qadınlar – sifariş… sifariş… bitməz-tükənməz. Düz üç dəqiqə əlləşdim, inanın, arabadan endikdən sonra, bütün o paketlərin ilməklərini barmaqlarıma keçirdə bilmək üçün. Hər barmağa iki paket.
AĞZI ÇIÇƏKLI ADAM
– Nə gözəl! Mən olsaydım bilirsiniz neynəyərdim? Arabada qoyardım hamısını.
SƏSSIZ MÜŞTƏRI
– Bəs arvadım? Bəs qızlarım? Bəs bütün o dostlarım, tanışlarım?
AĞZI ÇIÇƏKLI ADAM
– Bağıra-bağıra qalardılar! Çox gülərdim düzü!
SƏSSIZ MÜŞTƏRI
– Əlbəttdə, siz qadınların yazlıqda necə olduqlarını bilmirsiniz.
AĞZI ÇIÇƏKLI ADAM
– Niyə bilmirəm! Özü də çox yaxşı bilirəm, ona görə…
(Səssizlik)
– Heç bir şeyə yaramayacaq şeylərdi hamısı.
SƏSSIZ MÜŞTƏRI
– Hamısı elə budu? Hətta pul yığmaq üçün getmək də istəyə bilərlər. Sonra, bu yaxınlarda bir kəndə çatar-çatmaz, bu bərbad, yoxsul, pis kənddə ən gözəbatan şəkildə bəzənmək qəribəliklərinə tutulurlar! Həə, qadınlar, hörmətli cənab! Amma onsuzda onların işi elə budu… – “Bircə şəhərə kimi getsəydin, sevgilim! Filan şeyə çox ehtiyacım var… Filan şeyə də… və bir də sənə əziyyət olmasa … bunu da “əziyyət olmazsa” hörmətli cənab… Sonra, orda olduğuna görə, yolunun da üstündə…” – Ancaq üç saata bu qədər işi görəcəyimi necə istəyə bilərsən, sevgilim! ” Off… Nə deyirsən yenə! Heç arabaya mindinmi…” İşin pis tərəfi, təkcə üç saat qalacağım üçün evin açarlarını da götürməmişəm.
AĞZI ÇIÇƏKLI ADAM
– Ooo, nə əla ! Bəs sonra?
SƏSSIZ MÜŞTƏRI
– Əlimdəki bir sürü paketi stansiyada, qorumaya qoydum və gedib bir restoranda axşam yeməyi yedim. Darıxdığım üçün teatra getdim. Istidən az qala özümdən gedəcəkdim. Çıxışda, nə edim deyə düşündüm. Saat on iki olmuşdu artıq, ilk qatar isə saat dörddədi. Üç saatlıq yuxu üçün pul verməyə dəyməz dedim və bura gəldim. Bu kafe sabaha kimi bağlanmır, elə deyil?
AĞZI ÇIÇƏKLI ADAM
– Bağlanmır, xeyir cənab.
(Səssizlik)
– Deməli bütün paketləri stnsiyada qorumaya qoymusunuz?
SƏSSIZ MÜŞTƏRI
– Niyə soruşursunuz? Ora etibarlı deyil ki? Hamısı bərk-bərk bağlı idi…
AĞZI ÇIÇƏKLI ADAM
– Yox, yox, onu demək istəmirdim!
(Səssizlik)
– Həə,yaxşı bağlanıb, düşünürək: Gənc satıcıların özlərinə xas olan, satılan malı bağlamaq sənətləri…
(Səssizlik)
– Gözəl əllər! Geniş, cüt qat, qırmızı, yumşak kağız… Təkcə baxmaq belə zövq verir… Sərin sığalını duymaq üçün üzünü sürtməyi gəlir insanın, elə düzdür ki… Kağızı stolun üstünə yayır və yaxşıca qatlanmış, yüngül parçanı incə şəkildə kağızın ortasına qoyurlar. Əllərinin tərsiylə, kağızın bir ucunu altdan qaldırır, sonra digər ucunu üstünə gətirirlər və bir də ağız qoyurlar burda, qıvrak bir incəliklə, sonra kağızı digər iki tərəfdən, üçbucaq formasında qatlayır, iki ucunu alta çevirir və sap qutusundan, bağlamağa bəs edəcək qədər bağ götürür və elə cəld bağlayırlar ki, onların bu ustalığına heyran olacak vaxt tapmadan, paketi, barmağınızı keçirəcəyiniz ilməyi də hazır olaraq, sizə verdiklərini görürsünüz.
SƏSSIZ MÜŞTƏRI
– Həə, ustanı yaxşıca müşahidə etdiyiniz bəllidir.
AĞZI ÇIÇƏKLI ADAM
– Mənmi? Günlərimi belə keçirdirəm, hörmətli cənab. Bir dükkanın vitrini qarşısında bir saat qımıldamadan durub içərini seyr edə bilərəm. Özümü unuduram. Mənə elə gəlir sanki şeyəm… o parça… Həqiqətən ordakı ipək parça, o bəzəkli, o qırmızı yaxud mavi lent olmaq istərdim… Ustalar metrə ölçdükdən sonra, – necə eləyirlər görmüsünüz heç? – kağıza bürüməzdən əvvəl, sol əllərinin baş barmağıyla sərçə barmağına dolayırlar ha.
(Səssizlik)
– Qoltuqlarındakı, əllərindəki ya da ilməklərindən barmaqlarına taxdıqları paketlə dükandan çıxan kişi və ya qadın müştərilərə baxır, görünməz olacaq qədər izləyirəm onları, gözlərimlə… xəyal quraraq. Ooo, nə xəyallar qururam, bir bilsəniz! Hardan biləsiz?
(Səssizlik. Sonra, boğuq səslə, öz-özünə danışan kimi)
– Amma mənə yarayır, mənə yarayır bu.
SƏSSIZ MÜŞTƏRI
Sizə yarayır mu? Bağışlayın amma, nə?
AĞZI ÇIÇƏKLI ADAM
– Həyata belə – xəyal quraraq yəni – bağlanmaq. Dəmir barmaqlıqlara sarılan bir sarmaşıq kimi.
(Səssizlik)
– Ah, xəyal qurmağı bir an belə buraxmamaq: Hər zaman beləcə başqalarının həyatlarına girmək, dayanmadan… Amma tanıdıqlarımın yox. Yox, yox. Bunu eləməzdim. Sıxılıram, bulantı verir mənə. Yadların həyatları isə xəyallarımın azad şəkildə işləyə bildiyi bir sahədir. Amma necə gəldi yox, ən kiçik əlaməti dəyərləndirərək. Bilsəniz nə qədər çox işləyir xəyallarım, necə işləyir! Haralara qədər girirəm! Filankəsin, ya da bəhmənkəsin evini görür, girib içində yaşamağa başlayıram, o qoxunu duyuncaya qədər… Hər evdə olan, hər evin özümə xas qoxusunu, bilirsiniz? – Öz evimizdəkini hiss etmirik, yaşadığımızın qoxusudur o çünki, izah edə bilirəm? Eh, görürəm ki, bəli deyirsiniz.
SƏSSIZ MÜŞTƏRI
– Bəli, çünki… Xəyal qurmaqdan böyük bir həzz alırsınız yəgin.
AĞZI ÇIÇƏKLI ADAM
(Şübhəylə, biraz düşündükdən sonra)
– Həzzmi? Mən?
SƏSSIZ MÜŞTƏRI
– Elədir… Zənnimcə…
AĞZI ÇIÇƏKLI ADAM
– Deyin görüm heç yaxşı bir həkimə getmisinizmi siz?
SƏSSIZ MÜŞTƏRI
Mən? Xeyir. Nə üçün? Xəstə deyiləm ki.
AĞZI ÇIÇƏKLI ADAM
– Qorxmayın. Belə bir həkimin gözləmə otağını gördünüzmü deyə soruşacaqdım. Xəstələr müayine növbələrini gözlədikləri otaq.
SƏSSIZ MÜŞTƏRI
– A, əlbəttə. Qızlarımdan birini aparmışdım. Sinirləri pozulmuşdu.
AĞZI ÇIÇƏKLI ADAM
– Yaxşı. Onu bilmək istəmirəm. O otaqlar…
(Səssizlik)
– Fikir vermisiniz ? Tünd rəng, köhnə formalı divan… Bir-birinə oxşamayan, bəziləri döşəkli stullar… O yazıq kreslolar… Necə gəldi satın alınmış, təsadüfən ucuza alınmış, müştərilər üçün oraya qoyulmuş əşyalardır, heç biri evin deyil. Həkimin özü üçün, həyat yoldaşının dostları üçün başqa bir salonu var… Zəngin və gözəl. Bu biri, o birindən fərqlənən, ortabab mebellə yola verilən, evdən gətiriləcək bir neçə stul, ya da kreslo, kim bilir necə dişini ağardardı! Qızınızla birlikdə getdiyiniz vaxt, növbənizi gözləyərkən oturduğunuz stula, ya da kresloya fikir verdinizmi?
SƏSSIZ MÜŞTƏRI
– Mənmi? Xeyir. Həqiqətən…
AĞZI ÇIÇƏKLI ADAM
– Əlbəttə, həqiqətən, xəstə deyildiniz…
(Səssizlik)
– Xəstələr də fikir vermir. Xəstəlikləri ilə əlləşməkdən…
(Səssizlik)
– Bəziləri də, oturduqları kreslonun qol söykənəcəyində mənasız formalar çəkən barmaqlarına dalıb gedirlər. Düşünürlər və heç bir şey görməzler.
(Səssizlik)
– Həkimin yanından çıxanda, gözləmə otağından keçərkən, az əvvəl, hələ bilmədiyiniz xəstəliyinizi öyrənmək üçün gözləyərkən oturduğunuz stulu, üstündə yeni özünün bilinməyən dərdinə dalmış bir xəstəylə, ya da boş, belə bir xəstəyi gözləyərkən görmək necə təsirlidir, elə deyilmi?
(Səssizlik)
– Nə deyirdim? Həə, yaxşı… Xəyal qurmağın ləzzəti. – Kim bilir nə üçün, xəstələrin növbələrini gözlədiyi həkimin gözləmə otaqlarındakı bir stulu düşündüm o dəqiqə!
SƏSSIZ MÜŞTƏRI
– Elədi… Həqiqətən…
AĞZI ÇIÇƏKLI ADAM
Bir əlaqə görmürsünüz? Mən də.
(Səssizlik)
– Lakin, bir-birindən çox uzaq bəzi anlamlar hər birimiz üçün elə xüsusiyyətlər daşıyır və elə xüsusi təcrübə və səbəblər nəticəsində yaranıblar ki, danışanda onları istifadə etməkdən yayınmasaydıq, bir-birimizi anlaya bilməzdik. Bu bənzətmələrdən daha axmaqca bir şey ola bilməz! (Səssizlik)
– Amma əlaqə bu ola bilər bəlkə, baxın: – Stullar da, üstlərində oturub həkimin yanına girməyi gözləyən xəstənin kim olduğunu, dərdinin nə olduğunu, hara gedəcəyini , burdan çıxdıqdan sonra nə edəcəyini xəyal etməkdən həzz ala bilərdilər.
– Nə həzzi, canım! Mən də elə: Həzz alıb eləmirəm ! Bir sürü xəstə gəlir, onlar isə həmişə ordadı, oturulmaq üçün dayanıblar, yazıq stullar! Eh, mənimki də buna oxşar məşğuliyyətdi. Gah bu məşğul edir məni, gah da o biri. İndi də siz məşğul edirsiniz və çata bilmədiyiniz qatardan , yazlıqda sizi gözləyən ailənizdən, sizdə var olduğunu düşünə biləcəyim dərdlərdən həzz almadığım da dəqiqdir.
SƏSSIZ MÜŞTƏRI
– Ah, nə çoxdur, bilsəniz!
AĞZI ÇIÇƏKLI ADAM
– Tanrıya şükr eləyin, yalnızca belə dərdlərdisə.
(Səssizlik)
– Betərin-betəri var, hörmətli mister.
(Səssizlik)
– Xəyal quraraq başqalarının həyatına bağlanmaq məcburiyyətindəyəm deyirəm sizə, həzz almadan, ən kiçik maraq duymadan… əksinə… dərdlərini hiss etmək, həyatın , sonu önəmli olmayacaq qədər boş və axmaqca olduğu mühakiməsinə çatmaq üçün. (Kədərli qəzəblə)
– Yaxşıca göstərməliyik bunu özümüzə, bilirsiniz? Daima təcrübə və nümunələrlə , amansızca. Çünki hörmətli mister, nələrdən düzəldiyini bilmirəm amma, var, var, burda boğazımızda duyuruq bir yumruq kimi, heç bir zaman məmnun edilməyən, edilə bilməyən həyat, çünki yaşadığımız formasıyla, özünə qarşı elə susuzdur ki, dadına baxmağa qoymaz. İçimizdə canlı qalan keçmişdədir dad. Orda bizi bağlayan xatirələrdədir həyatın həzzi. Amma nəyə bağlayan? Bu axmaqlığa… bu can sıxıntılarına… bu axmaqcasına qurmacalara… xoş olmayan işlərəmi?… Bəli, bəli. Budur bu günkü davranışlarımız, bu bir axmaqlıqdır, bu bir can sıxıntısı deyilmi? İndi bizim üçün bir bədbəxlik, həqiqi bədbəxtlik olan şey dörd-beş il, on il sonra kim bilir necə bir dad qazanacaq… nə dadına doyulmaz bir xatirə olacaq bu gözyaşları… Bəs həyat, Tanrım, bəs həyat? Yalnızca, bir gün itirəcəyimizi düşünmək belə… günlərimizin sayılı olduğunu biləndə xüsusilə…
(Tam bu an, sağ küncdən, gizlincə dinləyən, qaralar geyinmiş bir qadının başı görünür)
– Baxın gördünüzmü? Orda, o küncdə… o qadın kölgəsini gördünüzmü? – Ah, gizləndi.
SƏSSIZ MÜŞTƏRI
– Necə? Kim? Kim idi?
AĞZI ÇIÇƏKLI ADAM
– Görmədinizmi? Gizləndi.
SƏSSIZ MÜŞTƏRI
– Qadınmı?
AĞZI ÇIÇƏKLI ADAM
– Bəli, həyat yoldaşım.
SƏSSIZ MÜŞTƏRI
– Həyat yoldaşınız?
AĞZI ÇIÇƏKLI ADAM
(Bir az səssizlikdən sonra)
– Məni izləyir, uzaqdan. Get təpiklə deyir şeytan. Xeyri yoxdu amma. Təpiklədikcə girinc olmuş qancıq itlərdən fərqi yoxdu.
(Səssizlik)
– Bu qadın mənim üçün nələr çəkib, təsəvvür edə bilməzsiniz. Yeməkdən,içməkdən kəsildi. Hər zaman arxamca gəlir, gecə-gündüz, uzaqdan-uzağa izləyir məni. Başörtüyünün, paltarının tozunu belə çırpmır daha. – Qadına oxşayan yeri qalmadı, cındır parçaya döndü. Hələ otuz dörd yaşında, gicgahlarına dən düşdü.
(Səssizlik)
– Çox əsəbləşirəm, inanın. Üstünə sıçrayıb bağırıram bəzən, silkələyirəm: “Axmaq!” deyə bağırıram. Səsini belə çıxartmır. Elə baxır üzümə, elə ki, içimdən gözlərini oymaq gəlir. Nə etsəm faydasızdır. Arxama düşmək üçün uzaqlaşmağımı gözləyir.
(Bu an, yenə qadının başı görünür.)
Odur, baxın… Başını uzatdı yenə, küncdən.
SƏSSIZ MÜŞTƏRI
– Yazıq xanım!
AĞZI ÇIÇƏKLI ADAM
– Nə yazıq xanımı!Mənim səssiz, sakit evdə oturmağımı, bütün o sevgi nümayişlərinə boyun əyməyimi istəyir,başa düşürsünüz? Otaqların düzənindən, mebelin par-par parıldayan təmizliyindən, evimin bir zamanlar olduğu ki, yalnız yemək otağındakı saatın tıqqıltılarıyla bölünən səssizliyindən həzz almağımı istəyir. Bunu istəyir. Nə gözəl axmaqlıq! Bu istəyinin axmaqlığını anlamağınız üçün, soruşuram … Xeyir, nə axmaqlığı! Öldürücü vəhşiliyini. Soruşuram sizdən, Avezzano, Messina xalqları, sonra zəlzələ olacağını bilə-bilə evlərində otura bilər, sakit, şəhər qaydalarına uyaraq küçələri, əraziləri doldurub ay işığını seyr edə bilərdilərmi? Daşdan, taxtadan düzəldilmiş evlər belə qaçardı, Tanrım! Avezzanoluları, messinalıları düşünün… Yatmaq üçün səssizcə soyunduqlarını, paltarlarını qatladıqlarını, ayaqqabılarını qapının ağzına qoyduqlarını və yatağın içinə girib yeni yuyulmuş yumşaq çarşaflarından ləzzət aldıqlarını… düşünün! Bir neçə saat sonra öləcəklərini bilə bilə… Olabilərmi bu?
SƏSSIZ MÜŞTƏRI
– Amma bəlkə yoldaşınız…
AĞZI ÇIÇƏKLI ADAM
– İmkan verin sözümü qurtarım. Ölüm , mister, ölüm birdən üstümüzə qonanda hiss etdiyimiz qəribə, iyrənc milçəklərdən biri kimi olsaydı… Biri yoluna gedir, yoldan keçən bir başqası onu dayandırır və çəkinərək, iki barmağını uzadıb “Bağışlayın, icazənizlə hörmətli mister, üstünüzə ölüm qonub” deyir və o iki barmağıyla tutub atır… Nə gözəl olardı! Amma o iyrənc milçəklərə bənzəmir ki ölüm. Küçədən keçənlərin kim bilir neçəsinin üstündədir ölüm görməzlər, sabah, o biri gün edəcəklərini düşünürlər sakit, içləri rahat. İndi mən… (Qalxır)
– …hörmətli mister, budur, bura gələ bilərsiniz?
(Onu da qaldırır, lampanın altına gedirlər)
– …bura, lampanın altına… Gəlin… Bir şey göstərəcəyəm sizə… Baxın, bura, bığın altına… çiçəyə oxşar bir qabartı var, gördünüzmü? Adını bilirsiniz? Ah, çox şirin adı var… Karameldən daha şirin: – Epitelyoma deyirlər, deyin hələ bir, daha yaxşı duyacaqsınız dadını: Epitelyoma… Ölüm, başa düşürsünüz? Ölüm keçdi. Ağzımın qırağına yapışdırdı bu çiçəyi. Al bunu, səkkiz, on ay sonra yenə geləcəyəm, dedi.
(Səssizlik)
– Siz deyin indi, o yazığın istədiyi kimi sakit, evdə otura bilərəm mən?
(Səssizlik)
– “Səni öpməyimi istəyirsən?” deyə bağırıram ona. “Bəli” deyir, “öp məni!” – Neynədi bilirsiniz, keçən həftə? Bir iynəylə dodağını qanatdı, sonra başımı tutub öpmək istədi… ağzımdan… mənimlə birlikdə ölmək istədiyini dedi.
(Səssizlik)
– Dəli.
(Sonra, qəzəblə)
– Evdə qalmır. Dükan vitrinlərindən gənc satıcıları seyr edib heyran olmalıyam mən. Çünki, başa düşürsüz, bir an boş qalsam… başa düşürsünüz elə deyilmi? Heç tanımadığım birini öldürə bilərəm… Sizin kimi bədbəxtlik nəticəsində qatara geçikmiş birini vura bilərəm, tapançamı çıxardıb…
(Gülür)
– Yox, yox, qorxmayın, hörmətli cənab, zarafat eləyirəm!
(Səssizlik)
– Gedirəm.
(Səssizlik)
– Özümü öldürərəm, öldürsəm…
(Səssizlik)
– Qaysı fəsli də gəldi… Necə yeyirsiniz qaysını siz? Soymamış, elədir? İkiyə ayırırlar onsuzda, iki barmağınızla beləcə sıxınca, yüngülcə… bir cüt nəmli dodaq kimi… Ah, necə xoşdur!
(Gülür. Səssizlik)
– Yazlıqdakı yoldaşınıza, qızlarınıza hörmətlər.
(Səssizlik)
– Kölgəli, yaşıl bir çəmənlikdə, mavi ağ paltarlarıyla xəyal edirəm onları.
(Səssizlik)
– Bir yaxşılıq edin mənə, olar? Sabah səhər ora çatanda. Kənd stansiyasında çox çəkəcək məncə. – Şəfəq zamanı kəndə qədər yeriyə bilərsiniz məncə. – Yolda qarşınıza çıxan ilk çəməndən bir dəstə ot qopardıb sayın. Neçə ot varsa dəstədə, o qədər günüm qalıb deməli.
(Səssizlik)
– Qalın bir dəstə olsun amma, nə olar…
(Gülür. Sonra)
– Gecəniz xeyrə, dostum.
(Uzaqdan uzağa duyulan mandolinin musiqisini mırıldanaraq sağdakı tindən yeriyir, amma sonra arvadının orda gözlədiyini düşünərək dönüb digər tində istiqamətlənir. Səssiz Müştəri isə, eləcə dayanıb, gözləriylə izləyir onu, tini dönənə qədər)
ŞƏRHLƏR