Əsas səhifə > Kitab, Maraqlı, Mədəniyyət > Dəyişən başlar – dördüncü hissə

Dəyişən başlar – dördüncü hissə

IV hissə

Hind əfsanəsi

Tomas Man

Bundan sonra yola çıxaraq hər  biri öz işinin dalınca  getmək üçün ayrıldılar və bir müddət ayrı yollarla getdilər. Yelkənlilərin keçdiyi Camna çayına çatdıqları və üfüqdə Krukşeta şəhərinin kölgələri görünməyə başlayan zaman Şridamanın talaşa və düyü döymək üçün qab alacağı adamın şəhərin izdihamlı küçələrindən birindəki evini tapmaq üçün öküz arabaları ilə dolu olan geniş şosedən getməli idi.
Nandaya gəlincə, o, atasının dükkanı üçün lazım olan xam dəmiri alacağı aşağı sinifdən olan xalqın yaşadığı yerə getmək üçün şosedən ayrılan dar bir cığırla getdi. Sağollaşanda bir-birlərinə xeyir–dua verib gəldikləri kimi birgə qayıtmaq üçün işlərini bitirib üç gün sonra müəyyən vaxtda eyni yol qovşağında görüşməyi qərarlaşdırdılar.
Günəş üç dəfə doğandan sonra Nanda aşağı təbəqədən olan insanlardan aldığı boz eşşəyinə dəmiri yükləyib ayrılma və birləşmə yerləri olan yerə gəldiyində bir az gözləməli oldu. Çünki, Şridaman gecikmişdi. Gəlib çıxdığı zaman da addımları yorğun və yumşaq saqqalının örtdüyü yanaqları çökük və gözləri kədərlə dolu idi. Dostunu görmək ümidi bu gün onda sevinc oyatmışdı. Nanda onun yükünü alıb boz eşşəyə yükləyəndə də onun halı dəyişmədi. Əksinə gəldiyi kimi beli bükük və sıxıntılı bir halda dostunun yanı ilə yeriməyə başladı. Cavabları “bəli, bəli”dən ibarət idi, öz də “yox, yox” deməli ikən. Halbuki, bəli deməli olduğu halda,  dincəlmək və yemək təklif olunanda da “xeyir” deyə cavab verir, səbəbini soruşanda yuxusunun olmadığını əlavə edirdi.
Bu hal bir xəstəliyin işarəsi idi. Axır ki, qayıdış səfərlərinin ikinci axşamı ulduzların altında dostunu danışdırmağı bacaran Nandaya təkcə xəstə olduğunu etiraf etmədi, dolaşıq səslə xəstəliyinin sağalmaz olduğunu, öldürücü bir göndəriş olduğunu, ölümə məhkum olmaqdan əlavə həm də ölüm istədiyini, bu vəziyyətdə məcburiyyətlə istəyin bir birlik halında hörülüb bir-birində ayırd edilməz olduğunu, istəyin məcburiyyətdən, məcburiyyətin də istəkdən doğduğunu, bunların zorakı və birləşik bir duyğu olduğunu dedi. Həmişə soyuq və içində vəhşi coşğu olan səsiylə Nandaya:
– Əgər dostluğun həqiqidirsə mənə, ölü yandırmaq üçün bir daxma hazırla ki, içinə girib yanım. Çünki sağalmayan bu xəstəlik məni içimdən elə əzab verici bir şəkildə yandırır ki, qovurucu alovlar bunun yanında mənə ağrıları sakitləşdirən yağ və müqəddəs suların qucağında dinclik verən bir yuyunma kimi gələcək.
Nanda bunları eşidəndə “Aman tanrım, sənin halın nə olacaq” deyə düşündü. Amma Nanda keçi burunlu və bədəncə dəmir satın aldığı aşağı təbəqə ilə Brahman nəvəsi olan Şridaman arasında ortalama və xoş bir tip yaratmasına baxmayaraq, bu çətin vəziyətdə  ustalıqla davranaraq məntiqi xəstələnən dostunun qarşısında ağlını itirmədi, əksinə bu vəziyyətdə ona qarşı olan üstünlüyündən yararlanaraq  itaətkar və ağıla batan şəkildə danışaraq sadiq bir dostun xəstə dostuna edə biləcəyi xidməti üzərinə götürdü.
– Əmin ol, sənə etibar etdiyimə görə şübhə duymadığım xəstəliyinin sağalmaz olduğuna əmin olduğum anda buyuruqlarını yerinə  yetirib sənə bir yandırma daxması hazırlayacam. Özü də, yandırdıqdan sonra mənim də səninlə içinə yerləşə biləcəyim qədər böyük düzəldəcəm.  Səndən bir saat belə ayrılmağa könlüm razı olmayacağına görə mən də səninlə birlikdə alovlara qərq olacam. Amma xüsusilə məni yaxından maraqlandırdığın üçün nə olub mənə danışmalısan. Xəstəliyinin adını deməlisən ki, heç olmasa şəfa tapmayacağına inanaraq ikimiz yanma mərasiminə hazırlaşaq. Bu sözün haqlı və yerində olduğu ilə razılaşarsan. Özü də mənim kimi məhdud anlayışımla bunun doğruluğunu qəbul etsəm, məndən qat-qat daha ağıllı olan sən buna kim bilir nə qədər asanlıqla razı olacaqsan. Mən özümü bir an sənin yerinə qoyaraq sənin başının öz çiyinlərimin üstündə dururmuş kimi düşünmüş olsam, ağlımdan, daha doğrusu sənin ağlından keçirdiyin kimi əhatəli nəticələr verəcək, bir şeyə qərar verməkdən əvvəl başqalarının yoxlaması və təsdiq etməsinə imkan verərdim. Ona görə danış. Çökük yanaqlı Şridaman uzun müddət içindəkiləri danışmaq istəmədi və təkcə əzabın öldürücü ümidsizliyinin sübuta ehtiyacı olmadığını söylədi. Amma uzun dirənişlərdən sonra dostunun üzünü görməmək üçün gözlərini əli ilə örtərək aşağıdakıları etiraf etmək üçün razı oldu.
Dedi:
– Sənin bir dəfə dənəşə tərəf yellətdiyin Sumantranın qızı Sitanı çılpaq, amma namuslu olaraq Davinin yuyunma yerində pusduğumuzdan bu yana onun çılpaqlığı və namusluluğundan yaranan bir əzab nüvəsi ruhuma çökdü və hər saat bir az  daha böyüyərək bədənimin ən incə hissəsində kimi qızdırma salıb zəkamın gücünü qırır və məni yavaş yavaş qəti bir ölümə sürüyür.  Bu xəstəlik, müalicəsi yalnız qızın gözəli və namusluluğu ilə yatdığı istəklərin yerinə gəlməsi kimi insanların layiq olduqlarından, mümkünsüz və öldürücü idi. Həyatının davam etməsi üçün ancaq tanrılara layiq bir xoşbəxtliyə ehtiyac duymaq dağıntısına məruz qalan bir insanın yox olmağa məhkum olduğu aydın məsələdir.
– Əgər mən, deyə sözünə davam etdi. Kəklik gözlü, gözəl rəngli və fövqəladə ombası olan Sitaya sahib olmasam ruhum öz-özünə uçub gedəcək. Yandırılma daxmasını hazırla, çünki insani və ilahi olan şeylərin savaşından məni ancaq alov qurtaracaq. Əgər sən də mənimlə birlikdə daxmaya girmək istəsən, sənin gəncliyinə, şən və qıvrım saçlarına heyfim yazığım gələr, amma sənin onu yellətmiş olmağın ruhumdakı yanğını artırdığı və bu yaxşılığı qazanmış bir canlının yer üzündə qalması xoşuma getməyəcəyi üçün buna da razı olaram.
Nanda bunları eşidəndə Şridamanın heç nə anlamayan son dərəcə ciddi təəcübü qarşısında qəhqəhə çəkib gülərək gah dostunu qucaqlamağa, gah da dayandıqları yerdə atılıb düşməyə başladı.
– Aşiq, aşiq, aşiq, deyə bağırdı. Hər şey bundan ibarətdi. Öldürücü xəstəlik bu imiş. Necə də xoşdur. Amma əyləncə ha… və bir dənə mahnı oxudu.
Müdrik adam, eh müdrik adam,
Necə də ciddi düşüncən var!
İpin ucunu əldən versən,
Müdrüklüyün də səndən qaçar.
Gözəl qızın göz süzməsi,
Ağlını etdi darmadağın,
İnan ki, səndən sakar olmaz,
Ağacdan düşən axmaq meymun!
Bunu deyəndən sonra yenidən yüksəkdən gülərək və əllərini dizlərinə vuraraq bağırdı:
– Qardaşım Şridaman, ocaq alovundan danışmağının səbəbinin ürəyindəki saman daxmasının yanmasından ibarət olduğu üçün elə sevinirəm ki. Balaca cadugər gözünün önündə çox dayandı. Tanrı Kama da çiçəkli oxunu sənə batırdı. Çünki bizə bal arılarının vızıltısı kimi gələn şey onun ruhunun uçuşu idi. Yazın bacısı Rati də sənə eşq həzzini aşıladı. Bütün bunlar adi şeylərdi və hamısı da insanların haqqı olan sevincli, gündəlik şeylərdən başqa bir şey deyil. Əgər istəklərin yerinə yetməsi sənə ancaq  bir Tanrının xəyal edə biləcəyi bir şey kimi görürsənsə, bu da istəklərinin həssaslığı və bunların Kama kimi tanrıdan ilham aldığı, amma onun deyil sənin nece olduğunu göstərir.
Bunları hissiyatsız olduğum üçün deyil, bu cür şumlanmış torpağa toxum atmaqdan öncə daha təbii və insani olmadığı halda bunu insanların haqqı olmayan ilahi bir  şey hesab etməklə hədəfini son dərəcə ifratlaşdıran eşq dəlisi ruhuna sərinlik gətirmək üçün deyirəm. (Sita, Hind dilində şumlanmış torpaq demək olduğu üçün Nanda bu cür deyir) Amma,  deyə sözünə davam etdi. Gündüz vaxtı bayquş kor olur, gecə vaxtı isə qarğa. Halbu ki, aşiq  olanın gözü nə gecə görür, nə də gündüz. Atalar sözü tam sənə uyğun gəlir. Bu misalı sənə çəkirəm ki, ibrət alasan və bil ki, Hörüklü Buğa Yurdundan Sita hər nə qədər Durganın yuyunma yerində çılpaqlığı ilə sənə tanriça kimi göründüsə də, əslində heç də elə deyil. Çox gözəl olmağına baxmayaraq, o da bütün hamı kimi adi həyatı olan, yarma üyüdüb sıyıq düzəldən, yun əyirən, ana və atası olan qızdır. Ana və atasına gəlincə, onların da bütün başqa insanlardan fərqi yoxdur. Hər nə qədər atası Sumantra damarlarında döyüşçü qanı axdığını iddia etsə də, bu iddiada çox irəli getmir. Qısası onlar sənin rahatlıqla danışıb razılığa gələ biləcəyin adamlardı. Həm də səni xoşbəxtliyinə qovuşduracaq təbii və adi bir işdə sənə kömək etməyə həvəslə qaçacaq  Nanda kimi dostun var. Eh, nə deyirsən ?  Ay hərif? Sənə içinə bir yerdə yerləşə biləcəyimiz yandırma daxması əvəzinə gözəl budlun ilə birlikdə yaşayacağın bir ev qurmağa kömək edəcəyəm.
Bir an sakitlik oldu. Bundan sonra Şridaman sözə başladı:
–  Mahnını bir yana qoysaq da adamın xətrinə dəyəsi çox şeylər var. Mənim istəklərimin əzabının adi və gündəlik hadisələrdən olduğunu söyləməyin, adamın qəlbini qırır. Çünkü, bu istək mənim gücüm yetəcəyindən artıq və həyatımı darmadağın edəcək xüsusiyyətdədir. Məndən daha güclü olan bu hiss, bir insanın dözə bilməyəcəyi, ancaq tanrıların layiq olduğu bir şeydir. Amma sənin, mənim yaxşılığımı istədiyin və məni ovundurmağa çalışdığın üçün öldürücü xəstəliyim haqqında istifadə etdiyin bayağı və bilgisiz sözləri bağışlayıram. Səni bağışlamaqla yetinmirəm, indidən ölümə təslim olmaq  üzrə  olan ürəyim, sənin son sözlərinlə ola biləcəyini göstərməyə çalışdığın şeyi etmək inamı və bunun mümkünlüyünü xəyal etməklə yenidən həyat qazanıram. Hər nə qədər bu işlə əlaqəsi olmayan birisinin məndən daha doğru və aydın mühakimə edəcəyinə hiss etsəm də öz fikirlərimə olduğu kimi başqalarının da fikirlərinə o dəqiqə güvənmirəm, ancaq mənə ölüm yolunu göstərənə inanıram. İlahi Sitanın daha uşaq ikən evləndirilməsi və özü ilə birgə böyüyən əri ilə birləşməsi nə qədər mümkün bir ehtimaldır. Belə eybəcər düşüncənin cəhənnəm əzabı yanında odunların sərinlik verən alovuna ümid etmə qalır.
Amma Nanda dostluqlarına and içərək buna zəmanət verdi. Atası Sumantra uşaqlarin vaxtsız ölməsi halında, təkcə dul qalmaq ayıbına  dözmək məcburiyyətində qalmağına razı olmadığı üçün  belə bir şeyə izin verməmişdi. Axı evli qız olsaydı günəş bakirəsi seçilməzdi. Yox , Sita azad və evlənməyə hazır idi.  Həm də Şridamanın kastası, ailə vəziyyəti və Veda bilgiləri qarşısında demək olar ki, həll olunmuş bir işi başa vurmaq üçün iki ev arasında bazarlığı yönləndirmək lazım gəlirdi.
Yelləncək hekayəsinin yenilənəndə Şridamanın  üzündə bir əzab ifadəsi  peyda olsa da, dostunun köməyinə təşəkkür elədi və Nandanın sağlam düşüncəsi tabe olaraq ölüm sevdasından əl çəkib Sitanı arvadı olaraq qucaqlamaq xoşbəxtliyinin qavranılmaz və insanlara yaraşmayan bir şey olmadığına inanmağa başladı. Amma yenə də diləkləri qəbul olunmasa, çevik qollarıyla ona bir yandırma daxması hazırlayacağı haqqında Nandaya söz verdirdi. Garganın oğlu sakitləşdirici bir danışıqla söz verdi. Amma hər şeydən öncə Şridamanın bir yana çəkilərək sonunu gözləyəcəyi  qız istəməyin bütün mərhələlərini, məsəl üçün, əvvəlcə Nandanın, Şridamanın atası Bhavabhuti ilə danışıb oğlunun fikrini ona söyləməyini və qızın nəsli ilə razılaşmaq üçün razılığını alması, sonra yenə Nandanın bəyin vəkili və elçisi kimi Hörüklü Buğa Yurduna gedərək  dost sifəti ilə bu çütlüyün arasında bir yaxınlıq yaratması qərarlaşdırıldı.
Dedikləri kimi elədilər. Brahman qanından gələn Vanidja Bhavabhuti, oğlunun sirdaşı tərəfindən ona edilən təklifə çox sevinmişdi, döyüşçü nəslindən olan Sumantra da zəngin hədiyyələrlə birlikdə təqdim olunan təklifə qeydsiz qalmamışdı. Nanda elçi getdiyi evdə dostunu xalq dililə, amma çox təsirli bir şəkildə tərifləmişdi. Sitanın anasın atası tərəfindən toxucunun vəziyyətini araşdırmaq üçün İnəklərin Xoşbəxtliyinə etdiyi səyahət də çox yaxşı nəticə vermişdi. Günlər bu kimi razılaşma və hadisələrlə ötdüyü müddətdə qız da tacir oğlu Şridamanın mövcudluğunda, uzaqda da olsa taleyini sezdiyi ağasını və ərini görməyə öyrəşmişdi. Evlənmə razılaşması hazırlanmış və bunun təsdiqi zəngin bir şənlik, xoşbəxtlik gətirən hədiyyələr  alıb-verərək qeyd olunmuşdu. Ulduzlara baxan müdriklərin böyük bir diqqətlə seçdikləri toy günü yaxınlaşır, Şridaman gələcəyinə heç cür inana  bilmədiyi günü yaxınlaşdığını və Şridamanın Sita ilə birləşməsinin ona bağlı olduğunu bilən Nanda tərəfi gəzir, dostlarını  və dağarcıq qulluqçularını dəvət edirdi. Toy evinin içəri həyətində,  ev  Brahmanın yalvarışları arasında toy ocağını təmin edəcək olan peyinləri də çevik qolları ilə o daşımışdı.
Beləcə hər tərəfi gözəl, bədəni sandal, kafiru və fındıq yağıyla ovulmuş, almazlarla bəzədilmiş paltarlı və sarili, başı tül ilə örtülmüş Sitanın (kişinin gəlini mərasimdən əvvəl görməməsi üçün) ərini yaxından görüb ilk dəfə adıyla çağıracağı gün gəldi. Həsrətlə gözlənilən bu gün axır ki, gəlmişdi. O vaxt ki, kişi qızın ana və atasının düyü və kərə yağı andı arasında “Səni aldım” dedi. O vaxt ki, ona göy, qıza isə yer, ona mahnı sözləri, ona da bəstəsi dedi və qadınların alqışları arasında onunla bilikdə üç dəfə ocağın ətrafına dolandıqdan sonra  ağ öküzlərin dartdığı bir arabaya minərək kəndinə, öz anasının qucağına yollandı.
Burda da xoşbəxtlik gətirən bir necə adətlər yerinə yetirmək lazım idi. Orada da ocağın ətrafına dolandılar, kişi qızı şəkərqamışı ilə doydurdu, paltarın qatına bir üzük atdı, mərasim süfrəsində dostları və qohumları ilə bir yerdə oturdular. Hamısı yeyib-içib üstəlik üzərinə Ganj və gül suyu səpdikdən sonra ikisini “xoşbəxt cütlüyün yeri” adı verilmiş və içində onlar  üçün güllərlə bəzədilmiş bir yataq hazırlanmış otağa apardılar. Orda hamısı öpüşüb zarafatlaşaraq, ya da ağlaşaraq onlarla sağollaşdılar, həmişə yanlarında olan Nanda ən sonuncu olaraq bayırda sağollaşdı.
Dinləyicilər hekayənin indiyə kimi sevimli gedişinə aldanıb, onun əsl xüsusiyyətini gizlədən gözboyamanın tələsinə düşməsələr yaxşıdır. Biz susarkən o bir az üzünü bizdən kənara  çevirdi və yenidən döndüyü  vaxt üzü qorxunc bir maskaya çevrilmişdi. Şridaman, Nanda və Sitanın onu yolda  gördükləri formada idi və insanı qurbanlar verməyə məcbur edən bir qorxunc və daş üz halını almışdı. Amma xeyir, gəlin hadisələrin hamısını sıra ilə danışaq.
Şridamanın anası gözəl Sitanı öz qızı kimi bağrına basmağından, onun da incə burunlu ərinin bütün evlilik həzzini daddırmasından bu yana altı ay keçmişdi. Ağır yay günləri qurtarmışdı. Göy üzünü yağışla yüklənmiş  bulud selləri ilə, yer üzünü çiçəklərlə örtən yağış fəsli  də qurtarmaq üzrə idi. Göyün ləkəsiz olduğu və payız lotuslarının açdığı günlər gələndə yeni evlilər dostları Nanda ilə razılaşdılar və Şridamanın ana və atasından icazə alaraq kişisini qucaqladığı gündən qızlarını görməyən  qızlarının evlilik xöşbəxtliyi haqqında bir fikrə sahib olmaq üçün Sitanın ana və atasını görməyə getməyi qərarlaşdırdılar.
Sitanın bir müddətdir analıq həzzinə hazırlanmasına baxmayaraq, çox da uzaq olmayan və havaların sərin olduğu üçün asanlıqla keçəcəyini düşündükləri bu səfərə hazırlaşdılar.
Onlar dostları Nandanın sürdüyü, üstü və yanları örtülü, bir zebu və tək hörgüclü dəvə qoşulmuş araba ilə səyahət edirdilər.  Nanda Təkkəsini (baş örtüyü) yana əymişdi, ayaqlarını sallayaraq qabaqda otururdu və arabadakılarla çənə döymək üçün tez-tez başını arxaya çevirməyəcək qədər yolla məşğul kimi görünürdü. Hərdən heyvanlara bir neçə söz deyir, arada bir çox parlaq bir səslə avazı çıxdığı qədər bağıraraq bir mahnı oxuyurdu. Ancaq hər dəfə də hələ ilk bir-iki sətir sonra səsi mırıltıya çevrilərək boğulur, sonunda sakit bir “hoşa” sözü ilə bitirdi. Amma sıxılan sinəsinən daşan güclü hayqırışlarda da bunların birdən-birə sönməsi qədər ürpərdici bir şey var idi.
Arxasındakı ər-arvad da susurdu. Qabaqlarında Nanda oturduğu üçün başını hər dəfə qaldıranda gözlərinin onun peysərinə sataşmaması qaçınılmaz idi. Arabir  gənc qadın gözlərini qucağından ayıraraq ona baxır, amma çox keçmədən baxışlarını cəld qucağına dikirdi. Şridaman böyür tərəfə asılmış torbaya baxaraq bu mənzərəyə baxmaq məcburiyyətindən xilas olmuşdu. Arvadının elədiyi kimi qabaqlarındakı bu qəhvə rəngli kürəyi, belsümüyün və hərəkətli çiyinləri görməmək üçün yerini Nanda ilə dəyişdirməyi nə qədər istərdi. Amma bir az rahatlamaq üçün istədiyi bu hal uyğunsuzluğuna görə yerinə yetirilə bilməzdi. Bax beləcə səyahətləri səssizcə davam edir, amma hər üçü də sanki tez-tez yeriyirmiş kimi nəfəs alırdılar. Gözlərinin ağında heç xeyir əlaməti olmayan qırmızı damarlar görünürdü. Heç şübhəsiz görünməyəni görə bilən bir adam bu yolçuların üstündə uyğunsuzluğun yolları üstünə düşən qaranlıq kölgəsindən bir şey tutardı.
Adətə görə günün həddən artıq istisindən qorunmaq üçün gecənin qanadları altında, daha doğrusu sabaha qarşı yola çıxırdılar. Amma onların belə etmələrinin başqa səbəbləri də var idi. İçlərində qarışıqlıq hakim olduğu və qaranlıq da qarışıqlığı asanlaşdırdığı üçün özlərinin də nəzərinə dəymədən bu fürsətdən  yararlanaraq içlərinin nizamsızlığına yer uyğunlaşdırmağa başlamışdılar. Bu səbəbdən də yollarını azmışdılar. Belə ki, Nanda Sitanın kəndinə dönən yolda arabanı döndərmədi və aysız gecənin qaranlığını bəhanə edərək səhv yola döndü. Bura yol deyil, başlanğıcda yol hissi verən, amma sonra sıxlaşan ağaclarla dönüş kimi istifadə edilməsini mümkünsüzləşdirən dar keçid idi.
Onları əhatə edən ağac gövdələri arasından və yumşaq meşə torpağından araba ilə keçmək mümkün deyildi. Bu vəziyyətə ruhlarındakı çaşqınlıq səbəb olduğunu etiraf etməklə birgə, yolu çaşdıqlarını da qəbul etdilər. Çünki Nandanın arxasında oturan Şridaman ilə Sita da yatmamış, onun yalnış yola döndüyünü çox yaxşı görmüşdülər. Olduqları yerdə qalaraq yırtıcı heyvanlara qarşı təhlükəsizliyi təmin etmık üçün bir ocaq qalayıb sabahı gözləməkdən başqa bir yol yox idi. Meşədə sabah olanda ətrafı axtardılar, arabadan açdıqları heyvanları tək-tək yedirib, arabanı da böyük çətinliklə tik və qayıq ağaclarının keçməyə imkan verdiyi yerlər ilə döndərə-döndərə keçirdilər. Nəhayət cəngəlliyin sahilində və Nandanın onları doğru yola çıxardacağını iddia etdiyi sıx kolluqlu bir qayalığa gəlib çıxdılar.
Beləcə silkələnə-silkələnə qayalığın arasından yollarını tapmağa çalışarkən, qayaların içərisində oyulmuş bir məbədə, Devinin, təhlükə dolu əlçatmaz Durganın, qaranlıq ana Kalinin müqəddəs ölkəsinə çatdılar. Şridaman içindən gələn bir istəklə arabadan enib tanriçaya hörmətini təqdim etmək istəyini bildirdi.
Şridaman yoldaşlarına:
– Eləcə girib yalvaracam, bir azdan qayıdaram, siz gözləyin dedi. Arabadan tullanaraq məbədə qalxan pilləkanlara  tərəf dırmaşmağa başladı.
Bura Qızıl milçək çayının sahilinəki kimsəsiz yuyunma yeri qədər önəmsiz olmaqla yanaşı, dini duyğularla davranaraq zəngin qabartmalar və çecrələrlə bəzədilmişdi. Vəhşi dağ mırıldanan bəbirlərin qoruduğu sütunlarla əhatələnmiş qapısının üstündə görkəmlə yüksəlir, qapının hər iki yanına, giriş hissəsinin də bəzi yerlərinə rəngli qabartmalar qazınmışdı. Həyatın ət, dəri, sinir və ilik, toxum, tər, gözyaşı, göz çirki, nəcis, sidik və öddən düzəlmiş üzləri,  ehtiras, hirs,  həsəd və əmin olmama hissiylə sevgilidən  ayrılmaq, sevmədiyi ilə birləşmək, aclıq, susuzluq, yaşlılıq, kədər və ölümlə birləşmiş olaraq və basdırılmağı mümkün olmayan kəmşirin bir qan qoxusu ilə qarışaraq bir-biriylə qarışır, bir-birinə dolaşır, sonunda tanrılar, insanlar və heyvanlar qarışıqlığında ah bir kişinin qollarının yerinə fil xortumu, gah bir qadının başının yerinə ceyran başı görünürdü.
Şridaman şəkillərə fikir vermir, onları görmədiyini hesab edirdi. Amma əslində qızaran gözləri bunlara ilişincə yazığı gəlməkdən yaranan bir baş gicəllənməsi ruhunu həyəcana verərkən onu Ananın hüzuruna hazırlayırdı. Qayaların içində oyulmuş olan bu yerdə bozluq hakim idi. Toplaşma salonda işıq yalnız dağdan sızırdı. Şridaman əvvəlcə bu bölümdən keçərək ona bitişik olan daha alçaq tavanlı qayada oyulmuş ikinci bir salona girdi. Burdan pillələrlə enilən alçaq qapı vasitəsi ilə məbədin mərkəzindəki Ananın bədəninə çatdı.
Pillələrin aşağısına çatanda əllərini girişin iki tərəfindəki Lingsam daşlarına söykəyərək geriyə tərəf səndələdi. Kalinin heykəli qorxunc idi. Görəsən damarları qızarmış gözlərinə belə görünürüdü, yoxsa indiyənə kimi tanriçanı heç vaxt belə qələbə qazanmış bir qorxunc şəkildə görməmişdimi? Bütün işıqları özünə çəkib yenə öz bağrından qoparan, varlıqların skelet və orqanları əhatələnmiş olan parlaq taclı bir büt, təkə formasındakı on səkkiz qolu ilə kəsilmiş baş, əl və ayaqlardan düzəlmiş bir kəmərin üstündə qayalardan atılmış kimi dururdu.
Ana, ətrafını tamamilə əhatə edən əllərində qılınc və məşəllər  tuturdu, əllərindən biri ilə ağzına apardığı kəllə sümüyündən qan damlayır, ayaqlarının altına qan yayılırdı.  Qorxunc tanriça həyat və qan dənizi içində üzən bir qayıqda idi.  Amma koğuşun boğucu havasında, bu yer altı otaqda ölmüş heyvanların qanlarının laxtalaşdığı novlardan Şridamanın incə burnuna gələn həqiqi, köhnəlmiş, kəmşirin qan qoxusu dəydi. Açıq olan gözləri şüşələşmiş heyvan başları, dörd-beş dənə camış, donuz və keçi, əlindən qurtulmağın mümkün olmayan tanriçanın təsviri qarşısında  məbədə bir piramida kimi yığılmışdılar. Bunların yanında qurumuş qan ləkələrindən göründüyü kimi iti olan qurban qılınc var idi. Şridaman qurban həvəskarı, həyat verən öldürücünün vəhşi baxışlı üzünə, hisslərinə, sərxoş olmuş kimi gicəldən qollarının  qarmaqarışıqlığına get-gedə heyranlıq halını alan bir dəhşətlə baxırdı.  Sıxılmış yumruqlarını  şiddətlə döyünən ürəyinə basdı. Özünə və ölümsüz qucağa qarşı edəcəyi artıq hərəkət beyninin içində, ürəyində və ağrı ilə  hərəkət edən cinsiyyətində gah buz kimi, gah da alov kimi suların axması ilə hiss edirdi və daha indidən qanı boşalan dodaqlarıyla yalvarırdı…
– Ey var olanların başlanğıcı olmayanı, ey ətəyini heç kimin açmadığı ərsiz ana. Sən ey, özündən törəyən bütün dünyaları və bütün təsvirləri yenidən udan, həzz və dəhşətlə kainatı qucaqlayan. Xalq səni, uğrunda neçə canlı heyvan qurban verib  qeyd edir, çünki hər şeyin həyatı, əsli sənin haqqındır. Əgər mən özümü sənə qurban eləsəm məni xilas etmək xeyirxahlığını əsirgəyərsən? Beləliklə yalvarmağa dəyən bir şəkildə, həyatdan xilas olacağımı sanmıram. Amma icazə ver ana qarnının qapılarından girib sənə qayıdım, mənlikdən xilas olub artıq özü yaratmadığı həzzdən gicləşmiş Şridaman olmaqdan xilas olum.
Bu qaranlıq sözləri deyəndən sonra yerdəki qılıncı götürdü və öz əli ilə başını bədənindən ayırdı.
Bunu tez demək mümkündü, çünki onsuzda tez baş vermişdi.  Amma yenə də hekayəni danışan istəyir ki, o da, dinləyənin tez-tez davam etdiyindən və insanların öz başlarını kəsmələrindən adi bir şey imiş kimi danışıldığı üçün bu danışılanları da öyrəşilmiş, təbii bir şeyə qulaq asırmış kimi səthi və üzərində çox düşünmədən qulaq asmalarıdır. Tək-tük hallarda heç bir zaman adi deyil. İnsanın xəyal edəcəyi və hekayələşdirə biləcəyi ən adi şey, ölüm və doğuşdur. Amma hələ doğuşda, ya da ölümdə olun, ətrafınızdakılara, özünüzə və ya öləndən soruşun bu sıradan bir hadisədirmi. Öz başını kəsib atmaq nə qədər çox danışılsa da, demək olar ki, yerinə yetirilməsi mümkün olmayan və ancaq qorxunc bir coşğu, həyat və istək güclərinin qorxunc bir güclə yerinə yetirmək istəyi üzərində toplanması ilə mümkündür. Şridamanın yumşaq baxışlı gözləri və çox da çevik olmayan Brahman tacirin qollarıyla bu işi bacarması adi bir şey kimi deyil, demək olar ki, inanmamaq dərəcəsinə çatan çaşqınlıqla qarşılanmalıdır.
Bu qorxunc qurban əhdini yerinə yetirdi. Bir yanda yumşaq saqqalının yanaqlarını örtdüyü başı, digər yanda   soylu başın daha az önəmli bir hissəsi olan və əllərilə hələ də qılıncı bərk-bərk  tutan gövdəsi dururdu. Qan bədənindən böyük bir sürətlə fışqırdıqdan sonra meyli az olan kiçik kanallarla yavaş-yavaş mehrabın altındakı çuxura dolurdu. (Lap bir dayça kimi Himavantın qapısından atıldıqan sonra kamandan atılmış ox kimi dincləşərək qovşaq yerinə tərəf yol alan o balaca “Qızıl Milçək” çayı kimi).

  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: