Dəyişən başlar – üçüncü hissə
Hind əfsanəsi
III hissə
Bundan sonra bir müddət susdular. Şridaman uzanaraq eləcə göyü seyr etməyi davam etdirdi. Nanda dizini sinəsinə dayayıb əlləri ilə ayaqlarını qucaqlayaraq oturduğu yerdən yoxuşdakı Kali Ananın yuyunma yerinə baxırdı.
-Sus, ilahi..! pıçıldayaraq barmağını qalın dodaqlarına tutdu. Şridaman, qardaşım yavaşca otur ora bax. Bu, yuyunmağa girənə deyirəm. Gözlərini aç, bu zəhməti çəkməyə dəyər. O bizi görmür, amma biz onu görürük.
Kimsəsiz bir yığıncaq yerində yuyunma mərasiminə hazırlanan gənc qız durmuşdu. Sarisini və köynəyini nərdivanların pilləsində soyunmuşdu, boynunda bir neçə boyunbağı, qulağında sallanan sırğalar olan qız çılpaq idi. Bədənin gözəlliyi göz qamaşdırırdı. Sanki Mayadan düzəldilib. Bədəni nə çox tünd, nə də çox ağ, qızıl ilə ağardılmış tunc rəngində idi. Şirin uşaq çiyinlərinə oxşar çiyinləri, yumru ombaları, formalı qarnı və əl dəyməmiş dimdik qönçəni xatırladan döşləri, sərt əzələləri, incə və zərif əllərini peysərində qovuşdurmaq üçün qollarını sarmaşıq kimi yuxarı qaldırdığı üçün qaranlıq çuxurlar kimi görünən qoltuğunun altı və yuvarlaq kürəyi ilə əsil Brahmanın xəyal etdiyi bir formada idi. Amma ən təsirli və göz qamaşdıran tərəfi, cana can qatan döşlərinin şirinliyi və bu mükəmməl formaların pəri kürəyiyinin darlığı ilə birləşməsi, digər tərəfdən gözəl ombaların yuvarlaqlığı ilə belinin incə darlığı arasındakı uyğunsuzluq idi. İndranın güc baxımdan tanrılara bərabər olmasından qorxduğu böyük əzabkeş Kandunun ağlını almaq üçün yanına yolladığı ilahi Pramloça da belə olubmuş yəqin.
Şridaman yerində doğrularaq gözləri qıza dikilmiş halda:
– Gedək, burdan uzaqlaşaq, o bizi görməyə-görməyə bizim onu pusmağımız düzgün deyil, deyə alçaqdan mırıldandı.
Nanda pıçıltı ilə cavabladı:
– Nəyə görə? İnsanı araşdırmağa yönəldən bu yerə birinci biz gəlmişik və araşdırmağı tələb edən hər səsi dinləyirik, bununla nə olacaq ki! Yerimizdən tərpənə bilmərik, gurultu, tappıltı ilə burdan uzaqlaşmaq istəsək, heç nədən xəbəri olmadığı halda bizim onu pusduğumuzu hiss etdirmək zalımlıq deyilmi ? Mənim onu seyr etməkdən xoşum gəlir. Guya sənin xoşun gəlmir ! Gözlərin indidən Rigvedanın sətirlərini oxumuş kimi qızarıb.
Digər yandan Şridaman:
– Yavaş danış deyə xəbərdarlıq elədi. Həm də ciddi ol. Bu ciddi və müqəddəs görüntüdür, bu işi yalnız ciddi və dindar duyğularla etsək onu pusmağımız bağışlana bilər.
Nanda:
– Əlbətdə, dedi. Belə şeylərlə zarafat eləmək olmaz, amma yenə də adamın xoşuna gəlir. Sən düz yerdən göyə baxmaq istəyirdin. Amma indi görürsən ki, insan hərdən ayaq üstə ikən həqiqi göyü görür.
Bundan sonra bir müddət susaraq qızı seyr etdilər. Qızıl qız, biraz əvvəl özlərinin də etdikləri kimi, tanrıyla birləşməyə başlamadan qabaq ovuclarını çuxurlaşdırıb yalvardı. Onu biraz böyürdən gördükləri üçün yalnız bədəninin deyil, sırğaları arasında qalan üzünün, kiçik burnunun, dodaqlarının və əzələlərinin, xüsusilə lotus yarpaqları kimi biraz qıpıq olan gözlərinin son dərəcə sevimli olduğu, gözlərindən yayınmamışdı. Hələ iki dost, izləndiyinin fərqinə varmış kimi başını onlardan yana çevirərək qorxutduğu vaxt, bu cazibədar bədənin dəyərini çirkin bir başın azaltmadığını, əksinə üzün, bədənin zərifliyini tamamladığını gördülər.
Nanda birdən barmaqlarını şaqqıldadaraq:
– Amma mən onu tanıyıram, deyə pıçıldadı. İndi tanıdım. Indiyə qədər kim olduğunun fərqinə varmamışdım. Yaxınlıqdakı Dongarlı Buğa Yurdu kəndindən olan Sumantranın qızı Sitadır. Yuyunub təmizlənmək üçün bura gəldiyi məlum olur. Necə tanımıyım? Onu yelləncəkdə günəşə uçurdan mən idim.
Şridaman yavaş səslə və inadla soruşdu:
– Onu yelləncəkdə yellədən sən idin? Nanda cavabladı:
– Ona şübhə olacaq. Hamının qarşısında bütün gücümlə yellədim. Amma çılpaq olanda kimi dərhal tanımaq mümkündür? Bu Dongarlı Buğa Yurdundan Sitadır. Keçən yazda ora xalamı görməyə getmişdim, tam o vaxtlar günəşə yardım bayramı var idi, amma o…
Ürkək bir pıçıltı ilə Şridaman sözünü yarıda kəsdi.
– Xahiş edirəm, sonra danışarsan. Onu yaxından seyr etmək fürsətini verən taleh, onun bizi rahatlıqla görə bilməsi təhlükəsi altındadır. Bir söz daha söyləmə ki, onu qorxutmayaq.
Nanda ilişdi:
-Onda qız qaçar, sən də heç cür seyrinə doya bilmədiyin bu görüntüdən məhrum qalarsan. Amma o biri qəti işarələ susması üçün xəbərdarlıq edəndə, səssiz şəkildə oturub Donqarlı Buğa Yurdundan Sitanın yuyunma mərasimini seyr etdilər. Qız yalvarışını bitirib önə əyildikdən sonra, üzünü göyə qaldıraraq, diqqətlə suyun qucağına girmiş, su töküb içmiş, əli ilə təpəsini tutaraq saçlarının ayrılan yerinə qədər suya batmışdı. Daha bir müddət zərif batış və çıxışlarla, böyrü üstə sürtünməklə suya doyduqdan sonra, vaxtı gələndə sərinləmiş gözəlliyindən su damlaları süzülərək quruya çıxmışdı. Amma iki dosta bu yerdə nəsib olan yaxşılıq yalnız unda ibarət olmadı. Yuyunmadan sonra təmizlənən qız, günəş altında qurulanmaq üçün pillələrə oturdu və özünü tənha sandığı üçün təbii gözəlliklərini gizlətmə ehtiyacı görmədən istədiyi şəkildə yerləşdi. Bunun da vaxtı tamam olduqdan sonra yavaş-yavaş geyindi və məbədin nərdivanlarını qalxıb gözdən yox oldu.
Nanda:
– Qurtardı, indi heç olmasa yerimizdən tərpənə və danışa bilərik. Uzun müddət mövcudluğunu gizlətmək darıxdırıcıdı, dedi.
Şridaman:
– Necə darıxdırıcı olduğunu deyə bilirsən təəccüb edirəm, dedi. Belə bir mənzərəyə dalıb yalnız onun içində yaşadığını hiss etməkdən insanı daha çox xoşbəxt edən bir şey varmı? Bütün bu müddət ərzində nəfəsimi də tutardım, yox, onu görməkdən məhrum olmaq qorxusu ilə deyil, onun özünü tənha sanması, üstünə əsdiyim və davam etdirilməsi müqəddəs bir borc olan bu duyğunun qayğısı ilə. Adı Sitadır demişdin? Bunu bilmək mənə zövq verir və onu adıyla xatırlamaq mənim günahımı yüngülləşdirir. Sən onu yelləncəkdən tanıyırsan, elə deyil?
Nanda təsdiqlədi:
– Sənə dediyim kimi. O, günəş bakirəsi seçilmişdi: Mən də kəndə çatanda günəşə kömək olsun deyə onu yüksəklərə qədər elə uçurtdum ki, hündürə qalxanda çığırtısı demək olar eşidilmirdi! Əslində o birilərin bağırtısı da onun səsini örtməyə yarayırdı !
Şridaman:
– Bəxtin var imiş, dedi. Sənin həmişə bəxtin gətirir. Hərhalda qolların güclü olduğu üçün səni yelləndirmək üçün seçiblər. Onun necə yüksəyə qalxaraq maviliyə doğru uçduğunu gözümün önünə gətirirəm. Təsəvvürümdə bu uçuş təsviri ilə gördüyümüz o dini hisslərlə yalvaran foranı birbirinə qatıram.
Nanda cavabladı:
– Amma yalvarışı və günah çıxartması üçün bir xeyli səbəb var. Yox, etdiklərinə görə deyil, çünkü özü çox namuslu bir qızdır. Öz günahı olmadığı, amma yenə də biraz dözümsüzlüklə davranmış olsaq, öz günahı sayıla bilən göstərişinə görə. Belə gözəl bir əndam insanları özünə bağlayarmış, deyirlər. Amma nəyə görə bağlayırmış? Çünki o bizləri istəklər, sevinclər dünyasına bağlayır və onu görənlər Sansaranın məhkumu olaraq eynilə nəfəsi kəsilən bir insan kimi təmiz məntiqindən məhrum olarlar. Bu, onun təsiridir, hər nə qədər niyəti bu olmasa da, gözlərini belə lotus yarpağı kimi uzatması onun yenə də belə bir niyəti olduğunu göstərir. Gözəllik onun öz istəyi ilə aldığı bir şey deyil, ona özbaşına verilmiş bir şeydir, bu halda yalvarıb günahının bağışlanmasını diləməsi üçün bir səbəb yoxdur demək asandır. Amma yenə də “verilmiş” ilə “alınmış” arasında həqiqi bir fərq olmamalıdır ki, özü də belə insanları özünə bağlamaq təsiri olduğu üçün bağışlanması üçün yalvarırdı. Amma gözəl formanı bir dəfə almır. Eləcə yalnız verilən bir şeyi təsadüfi almaq kimi deyil, öz istəyi və müqəddəs bir yuyunma bunu dəyişdirə bilməz, çünkü suya girdiyi kimi yenə eyni gicəldici arxa tərəflə sudan çıxdı.
Həyəcanlanan Şridaman:
– Bu qədər incə və müqəddəs bir varlıqdan belə kobud şəkildə danışmamalısan, deyə onu danladı. Fəlsəfədən bir şeylər anlayan kimi olmusan, amma onu deməliyəm ki, ağzından çıxanlar tam kəndçi kimi, kobud şeylərdi və bilgilərdən qavradıqlarını istifadə qaydanı, bizim halımızda yaxşı niyətimizin və bu seyə layiq olmağımızın ən vacib olduğu bir zamanda sənin heç də bu xəyalı seyrə layiq olmadığını açık şəkildə göstərir.
Nanda onun danlamağını təvazökarlıqla qəbul etdi.
Dostuna, böyük qardaş deyə səslənərək:
– Öyrət mənə Dav-ji, dedi. Sən hansı düşüncələ onu müşahidə edirdin? Mən də hansı düşüncə ilə müşahidə etməlidim?
Şridaman:
– Bax, dedi. Hər varlığın iki cür həyatı vardır. Biri özünə görə olan həyatı, digəri başqa insanların gözündəki yaşayışıdır. Bunlar vardır və görmək olar, ruh və şəkildir. Şəkli görüb ruha fikir verməmək hər zaman günahdır. Qotur bir dilənçi təsvirinin bizə aşıladığı iyrənmək hissini məğlub etmək lazımdır. Gözlərimizə və digər duyğularımıza səslənən bu vəziyyətinə qapılıb qalmamalıyıq. Çünki təsir edən şey həqiqi deyil. Təkcə göstərişdən ibarət olmayan hər varlığın tanınmaq haqqı var. Çünki onun ruhu və varlığı var. Həm də bunu etmək üçün göstərişin arxasındakı şeyləri görəbilməyimiz lazımdır. Amma təkcə yoxsulluğun bizdə oyandırdığı diksinməyi məğlub etməklə kifayətlənməməliyik, eyni şəkildə gözəlliyin təsviri ilə bizdə oyandırdığı həzzə də qapılmamalı, hətta bu mövzuda daha diqqətli olmalıyıq. Çünki bu da təkcə şəkil deyil və duyğularımız onu belə saymaqla digər iyrənc şəklə qarşı olandan daha istəkli davranır. Çünki görünüşə baxılsa, dilənçinin yoxsulluğu səbəbindən qətiliklə vicdanımıza səslənir və onun ruhunu tanımaq ehtiyacını duyarıq, halbuki gözəllik bunu istəmir. Amma yenə də sadə görünüşülə zövq aldığımız bu varlığa qarşı borclu halda qalırıq, hələ biz onu gördüyümüz halda o bizi görmədisə. Onu bil ki, Nanda, müşahidə etdiyimiz adının Sumantra qızı Sita olduğunu deməyin mənim üçün həqiqi bir zövq oldu, çünkü beləlikle onun formasından daha artığını öyrəndim. Bəli, çünki ad, varlığın və ruhun bir parçasıdır. Amma əslində onun namuslu bir qız olduğunu səndən eşitməklə xoşbəxt oldum. Çünki bu, onun görünüşünün arxasındakı şeyləri daha yaxşı görməyə və onun ruhuna yaxınlaşmaq deməkdir. Bundan başqa gözlərini lotus yarpaqları kimi uzadıb birazca da kirpiklərini boyaması namusla əlaqəsi olmayan bir ənənədən ötürüdür və bu işi qəti şəkildə ənənələrə bağlı olan namuslu, saf bir duyğuyla etməkdədir. Gözəlliyin özünə qarşı edəsi tapşırıqları. Və bəlkə də ancaq bu şəkildə görünüşünün arxasındakı şeyləri araşdırmaq istəyini oyandıra biləcəyini umur. Onun Sumantra kimi ağırbaşlı bir atası və uşağını düzgün tərbiyə edən şəfqətli bir anası olduğunu böyük bir zövqlə təsəvvür edirəm və onu evin qızı olması səbəbilə daşda yarma döyərkən, ocaqda sıyıq bişirərkən, ya da yun bükərkən gözümün önünə gətirirəm. Çünki onu müşahidə etməklə günaha batan ürəyim onun formasını bir insan olaraq görmək istəyi duyur.
Nanda:
– Bunu başa düşürəm, dedi. Amma başa düşməlisən ki, mən onu günəşə doğru yellədiyimə görə məncə, onsuz da insan şəklində gördüyüm üçün bu istəyi sənin qədər canlı bir şəkildə hiss edə bilmirəm.
Şridaman bu danışıq əsnasında səsindəki bir titrəmələ cavab verdi.
– Çox yaxşı anlayıram. Ancaq kolların və çevik bədəninə görə layiq olduğun, amma baş və zəka baxımından dəyərini qavraya bilmədiyin bu varlıqla arandakı yaxınlıq onu sənin gözündə lazım olandan daha artıq maddi bir insan halına gətirib və sənin bu lovğalığın daha yüksək olan tərəfini görmək bacarığını korlaşdırıb ki, bir az əvvəl aldığı o gözəl formadan belə bağışlanmayacaq qədər kobud bir tərzdə danışdın. Uşaq, qız, ana, ya da yaşlı qadın formalarından hansı ilə olur olsun qadının hər şəraitdə kainatın doğucusu, kainatın bəsləyicisi olduğunu, bütün varlıqların qucağına doğub qucağına döndüyü ulu tanriça Şaktayı təmsil etdiyini və onun damğasını daşıyan hər varlıqda onun özünə hörmət və heyranlıq göstərməyimiz lazım olduğunu bilmirsən? “Qızıl milçək” çayının sahilində özünü bizə ən gözəl şəkildə göstərdi, qismən sənin danışıq formana hirslənməyimlə yanaşı biraz da onun bizə göstərdiyi şeyə görə səsimin, özümün də hiss edə biləcəyim qədər titrəməsi yersizdir?
Nanda:
– Yanaqların və alnın da günəşdə yanıbmış kimi qıpqırmızıdı, dedi. Titrəməsinə əksinə səsində həmişəkindən daha dolğun bir ahəng. Həm də mənim özümə görə əməlli başlı həyəcanlandığıma inana bilərsən.
Şridaman:
– Elə isə anlaya bilmirəm, dedi. Necə olur ki, onun haqqında səthi danışa bilirsən və canlıları şüurlarının nəfəsini kəsirmiş kimi təəcübləndirici gözəlliyinə görə günahlandıra bilirsən. Bu hadisələri bağışlanmaz bir şəkildə tək tərəfli gözdən keçirdiyini və bizə ən şirin formaları ilə görünənlərin həqiqi varlıqlarının dərinliyinə heç vaxt girə bilmədiyini göstərir. Çünki onun bir şey deyil, hər şey, həyat və ölüm, dəlilik və bilgi, sehirbaz və xilaskar olduğunu bilmirsən? Sən təkcə onun canlılar sürüsünü çaşdırıb sehirlədiyini bilmirsən, amma onları çaşqınlığın qaranlığından gerçəyin bilgisinə yüksəltdiyindən də xəbərin var? Elə isə çox az şey bilirsən və qavranılması bir xeyli çətin olan bir sirri anlaya bilməmiş olursan. Bil ki, bizə verdiyi sərxoşluq eyni zamanda bizi gerçəyə və azadlığa çatdıran həyəcandır. Çünki bu, özünə bağlayarkən azadlıq bağışlayan, duyğuların gözəlliyi ile ruhu birləşdirən şeydir.
Metafizika sözlər eşidəndə ağlamadan dayana bilməyən və yaradılışı tez təsir altda qalmaq meyli göstərən Nandanın, hələ Şridamanın başqa vaxtlarda incə olan səsinin ürəyinə işləyən bir ahəng qazandığı bu gündə, qara gözlərində yaşlar pırıldamağa başlamışdı:
– Bugün necə də gözəl danışırsan Dav-ji. Məncə, indiyə qədər səni heç belə danışan görməmişəm. Mənə o qədər təsir edir ki, daha çox təsir etməsin deyə davam etməməyini diləyirəm. Amma danış, yalvarıram bağlanmaqdan, ruhdan və kainatın qucaqlayıcısından danışmağa davam elə.
Bundan sonra Şridaman lap coşdu:
– Görürsən ki, o, təkcə başdan çıxartmaqla kifayətlənmir, bilgi də verir. Sözlərimin sənə təsir etməsi, bu sözlərin, danışma tanriçasının Brahmanın bilgisilə qarışan sözləri olmasına görədir. Onun ikiliyindən ululuğunu anlamalıyıq. Çünki o hirsli, qara və qorxuncdur, varlıqların qanını, dumanı tüstüləyən qədəhlərdən içir. Amma digər tərəfdən müqəddəs və xeyirxahdır, bütün həyat ondan fışqırır və bütün canlı varlıqlar onun qidalandırıcı sinəsində gizlənir. O, içində uyuyan Vişnunun böyük mayasıdır, onu əhatə edər, biz də Vişnunun qucağında yuxular görürük. Bir çox su Qanqa tökülür, amma Qanq dənizə tökülür. Biz də Vişnunun dünyalar yuxusunu girən Tanrılılığına açılırıq, o da dəniz anaya açılır. Onu bil ki, həyat yuxumuzun müqəddəs məbədli bir yuyunma yerinə gəldik və orada kainatın doğucusunun, kainatın qucaqlayıcısının ağuşunda yuyunduq. Ehtimal ona duyduğum hörməti yuyunarkən sübut etdiyimiz üçün bizə ən gözəl formasıyla göründü. Lingsam və Yoni, həyatda, gəlinlə birlikdə əlləri çiçəkdən bağlarla birləşdirilmiş olaraq toy ocağının ətrafında gəzərkən, kişinin “onu aldım” deməsindən daha böyük bir xatirə ola bilərmi? Kişi, qızı ana və atasının əlindən alanda bu çox gözəl sözləri deyir: bu mənəm, bu da sən, mən göyəm, sən də yer, mən mahnının musiqisiyəm, sən də sözləri, beləcə səfərimizə başlayaq. Qarşılaşma mərasimini keçirtdikləri vaxt, artıq insan, o bu deyil, kişinin Şiva, qadının da gözəl tanriça Durga olduğu, sözlərinin söz olmaqdan çıxıb sərxoşluq pıçıltıya döndüyü zaman qucaqlaşmağın yüksək xoşbəxtliyi ilə həyatın ən uca qatına nail olurlar. Bax bu bilgiyə daldıran və ananın qucağındakı mənlik qışqırtısından xilas edən müqəddəs saat budur. Necə ki, həyat və ölüm sevgidə birləşirsə gözəllik və zəka da həyacanla bir-birinə qatılır.
Nanda bu metafizika sözləri ilə tamamilə başını itirmişdi.
Gözlərindən yaşlar tökülərkən:
– Xeyir, deyirdi. Danışıq tanriçasının sənə olan xeyirxahlığı və səni Brahmanın bilgisinə yiyələndirməsi dözüləsi deyil, amma insan yenə də dayanmadan sənə qulaq asmaq istəyir. Sənin ağlının yaratdığının beşdə birini söyləyəbilsəm, özümə sonsuz bir hörmət duyardım. Buna görə də sənə o qədər ehtiyacım var, böyük qardaşım. Çünki məndə olmayan səndə var və sən mənim dostumsan, sanki sənin dəyərlərin mənim imiş kimi olur. Çünki sənin yoldaşın olaraq mənim də səndən payım var və mən də biraz Şridamanam. Amma sən olmasan təkcə Nanda olardım, bu da mənə bəs etməzdi. Açıqca deyim ki, səndən bir an belə ayrılmağa dözə bilmərəm, belə bir şey olarsa öz əlimlə odun toplayar, özümü yandıraram. Sənə bunu deməliyəm. Getməmişdən bunu al.
Bilərziklərlə bəzədilmiş əsmər əlini boxcasına salaraq yeməkdən sonra ağıza gözəl qoxu verməsi üçün çeynənən fəlfələk toxumlarından bir ovuc çıxardı. Gözyaşlarıla islanan üzünü o biri tərəfə çevirərək bunları Şridamana uzatdı. Bu toxumları eyni zamanda dostluq bağlarının təsdiqlənməsi anlamında vermək adəti idi.
ŞƏRHLƏR