Əsas səhifə > Kitab, Maraqlı, Mədəniyyət > Dəyişən başlar – ikinci hissə

Dəyişən başlar – ikinci hissə

İyun 14, 2009

Hind əfsanəsi

II hissə

Tomas Man

Quş cıvıltılarıyla dolu sevimli bahar fəslində Nanda ilə Şridaman, hər biri özü ilə əlaqəli bəzi şəxsi səbəblərə görə piyada yola çıxmışdılar. Atası Nandanı, dillərini bildiyi, bellərinə təkcə qamışdan qurşaq bağlayan və dəmir daşından əritmə üsulu ilə xam maddə əldə etməyi bacaran aşağı sinifdən olan insanların yanına, bir miqdar xam maddə almağa yollamışdı. Onlar Camna çayı sahilində, Şridamanın görüləsi bir işi olan izdihamlı Indraprastanın biraz şimal tərəfində, Kurukşeta qəsəbəsinin yaxınlığında və iki dostunun yurdlarından bir neçə ev şərqdə olan Kralendə yaşayırdılar. Şridaman da “İnəklərin Xoşbəxtliyi”ndə qıtlığa çevrilmiş düyü ovutma qablaları ilə xüsusi növ yağ əldə edəcək və bunları, yurdundakı qadınların incə bir ipdən toxuduqaları rəngli parçaların (mosulin) əvəzi olaraq, mümkün qədər sərfəli şəkildə alacaqdı. Ticarət edəcəyi adam da ailəsinin şəhərdəki iş dostu, özləri kimi “ev atası” mərtəbəsində olan Brahman idi.
Nanda, aşağı sinifdən olan insanlardan qarşılığında xam maddə almağı umduğu toxumlar, kauri qabıqları və daban boyamağa yarayan, xüsusi qırmızı rəng hopdurulmuş kobud kağızlarla dolu bir sandığı çiyninə almışdı; Şridaman da, hərdənbir dostluq xətrinə Nandanın öz yüküylə birlikdə çiyninə aldığı ceyran dərisinə sarılmış parçaları daşıyaraq, bir gün yarım gah insanların gəlib getdiyi yollarda, gah kimsəsiz meşələrdə irəlilədikdən sonra axır ki, kainatın qucaqlayıcısı, Vişnunun xülya xumarı sayılan, dünya və varlıqların anası Kalinin müqəddəs yuyunma yerlərindən birinə çatırlar. Bura, dağların qucağından başıboş bir madyan sevinciylə ayrıldıqdan sonra axışını nizama salaraq səssiz sularını ən müqəddəs yerdə ölümsüz Ganjaya qatan Camna ilə birləşən “Qızıl Milçək” çayının üstündə idi. Sonu bilinməyən Ganj da bir çox qola ayrılaraq dənizə tökülürdu. Bu çay insanın həyat suyundan içərək, suyuna batıb çıxdıqdan sonra yenidən dünyaya gəlmiş kimi olduğu, bütün ləkələri silən bir çox tanınmış yuyunma yeri olan sahilləri və qovşaq yerlərini əhatə edir. Yer üzündəki “Saman Yolu”na başqa çayların da qoşulduğu, ya da bu qar evinin qızı “Qızıl Milçək”lə, “Camna” çayı kimi digər çayların da qovuşduğu yerlərdə, nəzirlərindən asılı olaraq qamış və lotuslar arasından qürursuzluqla suyun qucağına atılmaq məcburiyyəti olmayanların lazımınca sudan içib yuyunmaları üçün nəzərdə tutulan müqəddəs nərdivanları olanlar da var idi.
Dostların yoluna çıxan yuyunma yeri, müdriklərin möcüzəli təsirlərindən danışdıqları və soyluların da, xalqın da sürülər şəklində, amma ayrı-ayrı vaxtlarda yığışdıqları böyük və tanınmış yerlərdən biri deyildi. Kiçik, səssiz, qapalı idı və iki suyun qovşaq yerində deyil, yalnız “Qızıl milçək” çayının sahilində bir yerdə idi. Suyun yatağından bir neçə addım yüksəklikdə, bütün istəklərin və sevinclərin tanriçası adına qurulmuş, taxtadan və haradasa dağılmaq üzrə olan, amma cürbəcür oymalarla bəzədilmiş bir mehrabın donqar formalı qülləsi Sellanın (məbədin ən önəmli hissəsi) təpəsindən baxırdı. Çaya enən nərdivanlar da biraz dağılmışdı, amma ora enmək üçün artıqlaması ilə bəs edirdi.
Dəliqanlılar özləri üçün yalvarmaq, sərinləmək və kölgədə dincəlmək fürsəti verən bu yerə rast gəldikləri üçün məmnun olmuşdular. Günortaya doğru hava çox istiləşmişdi. Yaz istisi vaxtından öncə, daha bahar bitməmiş gözdağı verən şərait yaranmışdı. Halbuki məbədin yanında, sahilin bütün yüksəkliklərini örtən mango, kadamba, tik ağacları, maqnoliyalar, dəmirhindlilər və tala palmaları altında gözəl qəhvəaltı edib dincələcəkdilər. İki dost əvvəlcə imkan daxilində dini tapşırıqlarını yerinə yetirdilər. Məbədin önündəki kiçik terrasdakı daşdan yonulmuş Lingam heykəllərinə tökmək üçün kətan yağı və süzülmüş kərəyağı verməyə heç bir rahib yox idi. Orda tapdıqları bir daş ilə çaydan su götürüb lazımlı duaları mırıldayaraq mərasimə başladılar. Sonra ovuclarını çuxurladıb əllərini qovuşduraraq yaşıl suya batıb çıxdılar. Su içdilər, qaydasına görə su tökdülər, uzun zaman suda qaldılar. Tanrıya şükür elədilər və kefləri istədiyi üçün, dini mərasimin tələbindən biraz daha çox suda qaldıqdan sonra bədənlərinin hər üzvündə birləşmənin xoşbəxtliyini duyaraq ağacların altındakı dincəlmə yerinə çəkildilər.
Burda yol azuqələlərini iki qardaş kimi paylaşdılar. Hər ikisinin də yeməyi eyni şeylərdən ibarət olduğu üçün hər biri rahatlıqla öz yeməyini təkbaşına yeyə biləcəyi halda yenə bir-birilə paylaşdılar. Nanda, arpa lavaşını ortadan bölən kimi, “Al dostum” sözlərilə Şridamana uzadır, Şridaman da bir quru meyvəni bölərək eyni sözlərlə yarısını Nandaya verirdi. Şridaman yemək yeyərkən buralarda günəşdən qovrulmayıb hələ də təzə və yaşıl qalmış otların üstündə ayaqlarını çaprazlayaraq bardaş qurmuşdu. Nandaya gəlincə, əgər insan nəsillərdən bəri öyrəşmiş olmasa, uzun müddət dözə bilməyəcəyi bir formada dizlərini dayayıb oturmuşdu. Fərqinə varmadan və düşünmədən bu cür hal almışdılar. Çünki oturuşlarına diqqət etsəydilər, Şridaman primitivliyə qarşı duyduğu yönəlmə səbəbindən dizlərini dayayıb oturacaq, Nanda da əksi olan istəkləri səbəbindən bardaş quracaqdı. Başında qara, sadə və hələ islaq olan saçlarını örtən təkkə (baş örtüyü), belində ağ pambıqdan qurşaq, qollarında və boynunda aralarından sinəsindəki “Xoşbəxtlik Danası” seçilən qızıl zincirlə bağlanmış qatır muncuqları var idi. Şridaman başına ağ bir əski sarımışdı, əynində qısa qollu və eyni ağ pambıqdan toxunulmuş bir boyunsuz uzunqol köynək var idi. Bu köynək bol və şalvar kimi sarılmış olan ətəyininin üstünə düşür, boyun hissəsində incə bir zəncirlə bərkidilmiş bir tilsim (talisman) sallanırdı. Hər ikisinin alnında da dinlərinin rəmzi olan ağ nişanə var idi.
Yeməyi bitirdikdən sonra artıqları dağarcıqlarına qoydular və söhbətə başladılar. Bura ele xoş yer idi ki, şahzadələrə və məşhur krallara belə bundan yaxşısı nəsib olmazdı. Ağacların xəfif qımıldayan yarpaqları və çiçək dəstələri, yüksək kalamus və bambu gövdələri arasından suya enən nərdivanların alt pillələrı görünürdü. Budaqları zərif bir şəkildə bir-birlərinə bağlayan sarmaşıqlar hər yandan sallanırdı. Görünməyən quşların cıvıltılarına və ötüşmələrinə, otların arasındakı çiçəklərin birindən digərinə uçan rəngli arıların vızıltıları qarışırdı. Ətraf sərin və isti bitkilərin, güclü yasəmənlərin, tala meyvəsinin, qayıq ağacının və Nandanın yuyunma mərasimindən sonra yenidən bədəninə sürtdüyü xardal yağının qoxusuyla dolu idi.
Şridaman: “Bura sanki aclıq və susuzluqdan, yaşlılıq və ölümdən, tale və göz yaşından yeddi qat uzaqdır, deyirdi. Bura fövqəladə dincdir. İnsana elə gəlir sanki həyatın narahat girdabından qurtulub dinc mərkəzinə köçüb və orada rahat nəfəs alacaq. Dinlə, necə də tərkidünyalıqdır. Tərkidünyalıq sözünü işlətdim, çünki, bizi qulaq şəkləməyə məcbur edən şey dünyadan uzaqlaşmağın səssizliyidir. Çünki ona görə qulaq şəkləyərək bu səssizlikdə tamamilə dinc olmayan şeyləri və yuxunda danışan səssizliyi, biz də yuxuda imiş kimi dinləyirik.”
Nanda:
– Söylədiklərin doğrudu, deyə cavab verir. Bir bazar yerinin izdihamında insan qulaq verib heç nəyə qulaq asa bilməz. Amma tərkidünyalığın da səssizliyində dincəlməyə dəyən bir şey olmalıdır ki, qulaq şəklənsin. Tamamilə dinc və səssizliklə dolu olan Nirvanadır. Ona görə ona, qulaq şəkləməyə dəyər demək olmaz.
Şridaman gülmək məcburiyyətində qalaraq, “Xeyir”, dedi. “Nirvana’ya belə demək heç kimin ağlına gelməyib yəqin. Amma sən, onsuzda yalnız inkar edərək danışıla bilən Nirvanadan özün üçün belə bir iddia edilməyəcəyini söyləyərək, yəni inkar yolu ilə bunu ən gülünc bir formada iddia edirsən. Sən çox vaxt elə hiyləgər şeylərdən danışırsan ki, yəni, əgər doğru amma eyni vaxtda gülünc olan şeylərə hiyləgərlik demək mümkündüsə. Bu mənim çox xoşuma gəlir, çünki, hərdən sanki ağlayanda olduğu kimi qarnımın dərisi titrəməyə başlıyır. Bu da göstərir ki, həzz ilə əzab arasında bir fərq tapılacağı halda, birini təsdiqləmək, digərini inkar yalnız özünü aldatmaqdır. Amma həyatın həyacanı içində ən asanlıqla təsdiqlənəcək və qəbul ediləcək bir cür ağlama və gülmə məxrəci var. Bunun üçün təsir kəlməsi işlədilir; çünki bu, qarnımın titrəyişlərini hıçqırığa oxşadan şən bir ağrını ifadə edir, o da təsirliliyindən irəli gəlir və mənim, hiyləgərliyinə görə sənə bir az yazığım gəlməyinə səbəb olur.”
Nanda:
– Nə üçün mənə yazığın gəlir? soruşdu.
Şridaman:
– Çünkü sən əslində tam mənası ilə Samsara (əzab çəkmək – hindistanda uşaq oyunundan yaranıb) və həyatın, öz içinə qapadığı bir uşağısan, cavabını verdi. Sən, heç də suların üzünə doğru yüksələrək tacını göyə açan lotus kimi, o ağlamaq-gülmək dənizinin üzünə çıxmaq istəyini duyan ruhlardan deyilsən. Çünki sən, qərarsızlıq içində bir-birinə dolaşan maskaların və örtüklərin qaynaşdığı dərinliklərdə özünü kifayət qədər rahat hiss edirsən və bu səbəbdən səni görmək də insana rahatlıq verir. Amma indi inadla Nirvana ilə əlləşməyi, onun inkar qərarı haqqında düşünməyi ağlına qoymusan və onun qulaq şəkləməyə dəymədiyini insanı ağladacaq bir gülünclüklə, ya da tam bura uyğun gələn bir deyimlə, belə təsirli bir formada təklif etməyinə, sənin kef verici kefinə insanın yazığı gəlir.
Nanda:
– Bağışla, amma, mənim haqqımdakı fikrin nədir? soruşdu. Əgər yalnız Samsaranın göz qamaşdırıcılığına aludə olmağım və bir lotus bəxti qismət olmadığına görə sənin yazığın gəlməsinə səbəb olursa, buna razı ola bilərəm. Amma anladığıma görə, xüsusilə bir az da olsa Nirvana ilə maraqlandığım üçün mənə yazığın gələrsə, bu mənim xətrimə dəyər. Sənə onu deyim ki, mənim də sənə yazığım gəlir.
Şridaman:
– Qarşılıq olarak, sənin də mənə niyə yazığın gəldiyini soruşa bilərəm? dedi.
Nanda:
– Hər nə qədər Vedaları oxusan və fəlsəfədən bir şeylər götürsən də göz qamaşdıran xülyalara, bu işləri görməyənlərdən daha asanlıqla və istəklə inanırsan. Bax məndə təsirli bir qidalanma yaradan, yəni xoş bir yazığı gəlmə hissini oyandıran budur. Çünki misal üçün burda olduğu kimi bir parça dinc olan bir yerdə, o dəqiqə görünüşdəki səssizliyə qapılaraq özünü aclıq və susuzluğun yeddi qat o tayında, həyat burulğanının ortasında sanırsan. Amma xüsusilə bu dinclik və səssizliyin içində qulaq şəkləməyə dəyən bəzi şeylər olması burda böyük bir axın olduğunu və sənin dinclik duyğularının bir xülyadan ibarət olduğunu sübut edir. Bu quşlar eşq uğrunda oxuyurlar, bu arılar, cırcıramalar və qanadlı böcəklər aclığın məcburiyyəti ilə ora-bura uçuşurlar, otların arasına həyat döyüşünün minlərlə növü qarışır və ağacları bu cür incəliklə əhatə edən bu sarmaşıqlar sırf daha yağlı və dözümlü olmaq üçün ağacların şirəsini sorurlar. Bax, həqiqi fəlsəfə budur.
Şridaman:
– Bunu bilirəm və xəyala dalıramsa, bu, bir anlıq və öz istəyimlə olur, dedi. Çünki yalnız şüurun gerçəyi və fikri deyil, bir də insan ürəyinin formaların yazısından ilk və soyuqqanlı mənalarını deyil, ikinci və daha üstün mənalarını da oxumasını bilən və bunu təmiz, ruhi şeyləri anlamaq mövzusunda vasitə olaraq işlədilən təşkilatçı baxışı var. Əslində içində barış və xoşbəxtlik olmayan bir maya görünüşünün köməyi olmadan barışı və ruhdakı dincliyin xoşbəxtliyini hazırlaya bilmək imkanını necə təmin edəcəksən? Doğru görə bilmək üçün həqiqətdən faydalanma icazəsi insanlara verilmişdir və bu icazəni dilimizdə “şeir” sözülə izah edirik.
Nanda:
– Deməli sən bu düşüncədəsən, deyərək güldü. Elə isə, sənə qulaq asdıqdan sonra şeirin şüurluluğu izləyən bir axmaqlıq olduğuna inanmaq və bir axmaqla qarşılaşanda onun hələ də, yoxsa yenə də axmaq olduğunu soruşmağa ehtiyac yoxdur. Siz ağıllılar bizim kimilərin işlərini nə qədər çətinləşdirirsiniz. Ağıllı olmaq lazım gəldiyini düşünərək tam o cür olmağa çalışdığımız əsnada yenə axmaqlaşmaq lazım gəldiyini öyrənirik. Bizə daha yüksək, yeni pillələr göstərməyin ki, qarşımızdakı ilk pilləyə dırmaşmaq cəsarətimizi itirməyək.
Şridaman:
– Ağıllı olmaq lazım gəldiyini məndən eşitmədin ki. Gəl, yeməyimizi yedikdən sonra yumşaq otlara uzanaraq ağacların budaqları arasından göy üzünü seyr edək. Eynilə Torpaq Ananın elədiyi kimi, baxışlarımızı yuxarı qaldırmaq məcburiyyətində qalmadan gözlərimizin öz-özlüyündə yuxarı çevrilərək göyə baxması diqqətə layiq bir seyr etmə təcrübəsidir.
Nanda:
– Siya yaxşı, dedi.
Şridaman, düzgün və təmiz dil tələbi ilə düzəldərək: “Siyat” deyəndə, Nanda öz hallarına güldü:
– Siyat, siyat, ay səni heca tamamlayan, mənim xalq şivəmi rahat burax. Mən Sankristcə danışmağa başlasam burnuna ip keçmiş gənc bir inəyinin nəfəs almasına oxşayır.
Bu primitiv oxşatmaya Şridaman da ürəkdən gülmüşdü. Sonra təklif etdiyi şəkildə uzanaraq budaqların və sallanan çiçək topası arasından Vişnunun maviliyini seyr etməyə, bir tərəfdən də bədənlərini narahat edən “İndranın Qoruduqları” adlı qırmızı-ağ milçəkləri yarpaqdan yelpik ilə qovalamağa başladılar. Nandanın beli üstə yatmaqdan xoşu gəlmirdi. Torpaq Ana kimi göyə baxmağa bu işdən xoşu gəldiyi üçün deyil, itaətkarlığından tabe olurdu. Necə ki, biraz sonra yenidən qalxaraq ağzında bir çiçək olduğu halda dravit şəklində çöməldi.
Ətrafında uçuşan bir sürü milçəyin bir nəfər olduğunu hesab edərək:
– İndranın qoruduğu da yaman cansıxıcıdı ha, dedi. Hər halda mənim gözəl xardal yağım onları cəlb edir. Bəlkə də qoruyucusu olan fil sürücüsü, ildırımlar əfəndisi uca tanrıdan bizə işgəncə vermək üçün buyruq alıbdır. Səbəbini bilirsən də !
Şridaman:
– Bunun sənə zərəri toxunmamalıydı, dedi. Çünki sən, ağacın altındakı yığıncaqda keçirilən ötən payızdakı “İndraya Təşəkkür” mərasiminin qədim, daha doğrusu yeni qaydaya görə deyək və Brahman ənənələrilə dini bir formada qeyd etməyə tərəfdar olanlardandır. Əgər biz sonrakı məsləhətləşmələrimizdə İndra ənənəsindən imtina edib özümüzə yəni, daha doğrusu çox köhnə və kənd əhlinə, bizim dindarlığımıza, ilk tayfanın qalasını yıxan İldırımçı İndra üçün Brahmanlığın etdiyi lazımsız tamaşalardan daha təbii olan bir təşəkkür mərasimi keçirməyə qərar veririksə, bunda sənin günahın yoxdur.
Nanda:
– Söylədiyin doğrudur amma, deyə cavab verdi. Bu iş məni hələ də qorxudur. Çünki hər nə qədər ağacın altında mən İndranın xeyrinə danışsam da, qorxuram o, bu cür xırdalıqlara fikir vermədən bayramından məhrum olduğu üçün bütün “İnəklərin Xoşbəxtliyini” günahkar sayar! İnsanların hardansa ağıllarına gəlib ki, İndra təşəkkür mərasimi, heç olmasa bizim kimi çoban və əkinçilərə uyğun deyil, bunun yerinə mərasimlərə dindar bir sadəlik vərmək lazımdır, deyərək inad edirlər. Böyük İndradan bizə nə deyiblər. Ona görə Veda bilicisi Brahmanlar, sonu gəlməyən yalvarışlarla qurbanlar verirlər. Amma biz, mal-qaraya, dağlara və otlaqlara qurban kəsəcəyik, çünki onlar, bizim əsl və bizə layiq tanrılarımızdır. Çünki elə hesab edirik ki, gələcəyi qoruyan İndra, ortaya çıxıb ilk oturanların qalasını dağıdana qədər, biz belə eləmişdik və bundan sonra da bu çox da yaxşı xatırlamadığımız mərasim üsullarını bizə, ürəyimizdəki xatirələr öyrədəcək. Biz yaxınlığımızdakı “Rəngli Təpə” otlağına, xatirələrini ürəyimizdən aldığımız üçün bizə yeni görünən dindar ənənələrə xidmət edək. Təmiz heyvanlarımızı ona qurban verib turş süd, çiçək, meyvə və çiy düyü hədiyyələrimizi ona aparaq. Ondan sonra çiçəklərlə bəzədilmiş inəklər, sürü halında və sağ böyürləri dağa tərəf olmaqla ətrafını gəzsin və öküzlər yağış buludlarından qopan göy gurultuları kimi səsləriylə ona doğru böyürsünlər. Bax bizim qədim yeni dağ mərasimimiz bu olsun. Amma Brahmanlar işi pozmasın deyə, onlardan bir neçə yüzünün qarnını doyurdaq, bütün sürülərdən süd toplayıb qaymağını çıxaraq, südlü düyü hazırlayaq, o vaxt onlar da məmnun olar. Bax ağacın altında bəziləri belə deyib, bir neçəsi də onlara qoşulub, digərləri sizə qoşulmayıb. Mən, əvvəldən dağ mərasiminə qarşı idim. Çünki qara irgin qalasını dağıdan İndradan çox çəkinirəm və nə olduğunu düz əməlli bilmədiyimiz ənənələrə dönməkdən bir şey gözləmirdim. Amma sən, təmiz və doğru sözlərlə -doğruyla demək istədiyim, söz olaraq – yəni mərasim formasını tutub İndrayı heçə sayan dağ mərasimlərinin yenilənməsin lehinə danışanda, mən susdum. Öz-özümə düşündüm, əgər məktəbə gedib fəlsəfədən bir şeylər öyrənmiş olanlar İndraya qarşı və sadələşdirməyin lehinə danışırlarsa, bizim kimilərə susmaqdan və böyük işğalçı, qala dağıdanın şüura uyğun davranaraq yalnız sayı bol Brahmanları doyurmağımıza razı olub, bizi ya quraqlıq, ya çoxlu yağışla yox etməməyini gözləməkdən başqa bir şey qalmırdı. Kim bilir, bəlkə də bu mərasimlərdən özü də bezib deyə lağ üçün bu dağ mərasimini və inəklərin keçidini istəyir, düşündüm. Biz safdililər ona qarşı hörmət bəsləyirik, amma bəlkə də o, öz-özünə qarşı belə bir duyğu bəsləmir, dedim. Sonraları mən də bu yenidən qeyd edilən köhnə mərasimdən zövq aldım və çələngli inəklərin dağın ətrafını gəzməyinə çalışanlara istəyərək kömək etdim. Amma bayaq sən, mənim şivə səhfimi düzəldərək “siyat” deməyimi istəyəndə, yenə nece olur ki, sənin doğru və düzgün sözlərlə biz safdillərin lehinə danışdığını düşündüm.
Şridaman:
– Məni günahlandıra bilməzsən, dedi. Çünki sən, xalq üsulu ilə Brahmanların yalvarış mərasimlərinin lehinə danışdın. Bu durumun səni sevindirdi və xoşbəxt etdi. Amma sənə onu deyim ki, gözəl və düzgün sözlərlə sadə insanların lehine danışmaq çox daha xoş və sevinc verən bir şeydir.

%d bloqqer bunu bəyənir: