Dəyişən başlar – birinci hissə
Hind əfsanəsi
I hissə
Tomas Man
Qaramal saxlamaqla məşğul olan döyüşçü soylu Sumatranın gözəl qızı Sita ilə iki ərinin əhvalatı dinləyənlərdən ruh yüksəkliyi tələb edəcək və Mayanın qəddarca gözbağlayıcılığına qarşı bütün ağlını istifadə etdirəcək qədər qanlı və çaşdırıcıdır. Bunda başqa dinləyicilərin əhvalatı danışanın dözümlülüyünü özlərinə örnək götürmələri arzu olunur. Çünki belə bir hekayəni danışmaq, oxumaqdan daha çox cəsarət tələb edir. Hekayə əvvəldən sona kimi aşağıdakı formada olub.
Qurban kasalarının, aşağıdan yuxarıya doğru yavaş-yavaş sərxoşedici bir içki və ya qanla dolması kimi, insan ruhlarından da xəyalların yüksəldiyi, ən dindar Tanrı inancının əzəli varlıq toxumuna qucaq açdığı, ana həsrətinin köhnə simvolları təzə ürpərtilərlə qucaqladığı, yazda hacı karvanlarının sel kimi qabararaq dünyanı həyata gətirən Ananın məbədlərinə tələsdikləri bir dövrdə yaşları və kastaları ilə az fərqlənən, amma yaradılışları ilə bir-birindən tam fərqli iki gənc səmimi dost olmuşdular. Onlardan daha gənc olanı Nanda, böyük olanı isə Şridaman idi. Biri 18, digəri isə 21 yaşına yenicə girmişdi. Hər iki gənc lazım olan vaxtda müqəddəs kəmərə qurşanıb və iki dəfə şahinlər birliyinə qəbul edilmişdilər. Hər ikisi tanrıların işarəsilə atalarının gəlib yerləşdiyi Kosala bölgəsindəki “İnəklərin xoşbəxtliyi” adlı, içində məbədlər olan kənddin yerli sakinləri idilər. Kəndin ətrafı kaktus ara kəsmələri və taxta kənd divarıyla əhatələnib, divarın dörd tərəfə açılan qapıları da kənddə yedirdib içirtdikləri, ağzından heç vaxt yalnış söz çıxmayan və söz tanrıçasından ilhamlanan köçəri bir hakim tərəfindən dirəkləri və dəstəklərindən yağ və bal sızması diləyilə müqəddəsləşdirilmişdi.
İki gənc arasında olan dostluq birinin o birinə göz qoyması, mənlik və mülkiyyət duyğularının fərqinə söykənirdi. Çünki ruhun bədənə girməyi təkləşməyi, təkləşmək fərqliliyi, fərqlilik müqayisəni, müqayisə narahatlığı, narahatlıq çaşqınlığı, çaşqınlıq isə heyranlığı doğurar. Heyranlıq mübadilə və birləşmək istəyini yaradır. Bax “Etat vai tat” dediklərdə elə budur. Bu qaydalar, həyat palçığının hələ yumşaq olduğu, mənlik və mülkiyyət duyğularının qatılaşmadığı gənclik dövrü üçün çox yerindədir.
Dəliqanlılardan tacir oğlu olan Şridaman da tacir idi. Halbuki Nanda həm dəmirçilik edir, həm də çobanlıqla məşğul olurdu. Çünki atası Garga da çəkiclə işləməkdə və ocağı alovlandıran quş qanadını işlədə bildiyi qədər mal-qaranı otlaq ve tövlede besləməkdə də mahir idi. Şridamanın atası Bhavbhuti ata tərəfdən Vida müdriki olan Brahman ailəsindən idi. Halbuki Garga və oğlu Nanda bu sinifə heç cür iddia edə bilməzdilər. Keçi burunlu olmalarına baxmayaraq yenə də Şudra sinfindən deyil, əməlli başlı normal insan birliyindən sayılırdılar. Həm də Şridamanda olduğu kimi, atası Bhavbhuti üçün də Brahmanlıq alnız xatirə idi. Çünki atası şagirdlik müddətdən sonra gələn ailə atalığı mərtəbəsində öz istəyi ilə dayanmış və heç vaxt əzabkeşliyə(asketizm) nail olmağa çalışmamıışdı. O, ya Vida haqqındakı biliyinə görə ona verilən hədiyyələrin az olduğunu düşünmüş, ya da bununla qarnı doymadığı üçün, qayıq ağacı, ipək, mosulin, toxuculuq ticarəti ilə məşğul olmaq kimi şərəfli işə girmişdi. Beləcə Tanrı xidmətinə həsr etdiyi oğlu da “İnəklərin xoşbəxtliyi”ndə bir Vanidja, yəni tacir olub. Onun oğlu olan Şridaman uşaq illərindən bir neçəsini ustad din adamının yanında din dərsləri, səma və varlıq haqqında məlumatların təməl hissəsini öyrənməklə keçirərək atasının yolunu davam etdirir.
Garganın oğlu Nanda isə bunları etməmişdi. Onun karması fərqli idi. O, heç vaxt qan qarışığı, ya da varislik yolu ilə din adamlarına yaxınlaşmamışdı, olduğu kimi şən, xalq arasından çıxmış safdil uşaq idi, əsl Krişna kimi qalmışdı. O əsmər idi. Dəmirçi olduğuna görə qolları güclü idi, çoban olduğu üçün də görkəmli idi. Xardal yağından düzələn məlhəm sürtdüyü bədəni formalı idi, çox sevdiyi çəmən çiçəklərindən düzələn çələnglər, qızıl bəzək əşyası təmiz və saqqalsız üzünə çox yaraşırdı. Amma yuxarıda dediyim kimi burnu keçi burnuna bənzəyirdi, dodaqları da bir az qalın idi. Buna baxmayaraq, hər ikisi xoş idi, qara gözləri də həmişə gülümsəyirdi. Bənizi Nandanınkından daha açıq, bədəninin və üzünün forması onunkundan xeyli fərqlənən Şridaman, bütün bunları özüylə müqayisə edərək məmnun olardı. Onun burnunun üstü bıçaq kimi kəskin idi. Göz bəbəkləri və göz qapaqları yumşaq idi. Üzündə yelpik kimi yumşaq saqqal var idi. Nə dəmirçiliyin, nə də çobanlığın izi görünən bədəni daha çox Brahmanlığın və tacirliyin təsirindən əzələli deyildi. Sinəsi yumşaq, göbəyi piyli idi, qalan tərəfləri isə əskiksiz idi. Ayaqları və diz qapaqları çox zərif idi. Bu, tam mənasıla soylu və müdrik bir başın əsas hissə, qalan hissə xırdalıqlardan ibarət bir bədən idi. Nandada bədən əsas hissə, başı isə sadəcə xoş bir hissədən ibarət idi. Qısası, onlar ikili şəxsiyyətə girərək, gah saqqallı əzabkeş görkəmində tanriçanın ayaqlarına bağlanan, gah da dəliqanlı görkəmində dimdik dayanan Şivaya bənzəyirdilər. Amma onlar ana bədənində dünya və o biri dünya, həyat və ölüm vədemək olan Şiva kimi bir varlıq deyil, ayrı-ayrılıqda iki varlıq idilər. Amma onların şəxsiyyət və varlıq duyöıları yetərsiz idi, birinin o birinə ehtiyacı var idi. Yaradılışlarındakı bu çatışmazlıqları bir-birinini tamalayırdı. Saqqallı nazlı ağzını çevrələyən Şridaman Nandanın iri gövdəli Krişna yaradılışını xoşlayırdı. Nanda da Şridamanın açıq rəngi, soylu başı, biliyini bəyənirdi. Birlikdə olmaqdan o qədər xoşları gəlirdi ki, onlar ayrılmaz dostlar olmuşdular. Bununla bərabər, onların bir-birinə olan bu maraqda lağ da gizlənmişdi. Çünki Nanda Şridamanın göbəyinə, incə burnuna, düz danışığına, Şridaman isə Nandanın keçi burnuna və xalqa məxsus görünüşünə içindən gülərdi. Amma bunun kimi işdən əylənməyin çox vaxt narahatlıq və müqayisədən yarandığı və bundan əmələ gələn şəxsiyyət və varlıq duyğularından ortaya çıxan və Maya istəklərinə ən xırda bir zərər belə verməyən bir xərac olduğu bilinir.
Yaxın vaxtda ikinci hissə də tərcümə olunub bloga yerləşdiriləcək
ŞƏRHLƏR