Ekspert Vüqar Bayramov: “Azərbaycan qazının Türkiyəyə ucuz satılması iqtisadi faktorlarla deyil, siyasi faktorlarla bağlıdır”
AJAŞ Xəbər/29.04.09/. “Azərbaycan qazının Türkiyəyə ucuz satılması iqtisadi faktorlarla deyil, siyasi faktorlarla bağlıdır”. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. Ekspert Azərbaycan hökümətinin mavi qazı yalnız Türkiyəyə deyil, Gürcüstana da dünya bazarı qiymətindən xeyli ucuz -1000 kubmetrini 120 dollara satdığını xatırladıb. Və bu ölkələrin Azərbaycan üçün geopolitik baxımdan strateji əhəmiyyəti olduğunu qeyd edib: “Azərbaycan Türkiyə və Gürcüstana mavi qazı aşağı qiymətə satmaqla, digər regional layihələrdə üstünlüyü əldə etməyə çalışırdı. O cümlədən Bakı-Tiflis-Qars dəmiryolunun və digər layihələrin reallaşması ilə bağlı, xüsusən də bu layihələrin Ermənistan ərazisindən keçməsi üçün Avropa və ABŞ-nın ciddi təzyiqi var idi. Bu təzyiq Gürcüstanı da həmin lahiyəyə qoşulmaqda ehtiyatlı edirdi”. V.Bayramovun fikrincə, Azərbaycan öz mavi qazını satmaq üçün məhz Gürcüstanı və Türkiyəni geopalitik baxımdan Azərbaycanın maraqlarına uyğun olan layihələrdə iştirak etməyə sövq etmək məqsədi güdüb: “Bütün hallarda mavi qazın ucuz satılması siyasi faktorlarla bağlıdır. Bu məsələdə hər hansı bir iqtisadi qiymətləndirmə aparmaq mümkün deyil”.
Vüqar Bayramov Türkiyəyə satılan mavi qazın qiymətinə hökumət tərəfindən yenidən baxılması məsələsini Azərbaycan və Türkiyə arasında son vaxtlar müşahidə olunan soyuqluqla bağlayıb: “Azərbaycan hökumətinin Türkiyəyə satılan mavi qazın qiymətinin artırılması ilə bağlı son açıqlamaları daha çox Türkiyəyə təsir etmək vasitəsi kimi xarakterizə olunur. Azərbaycan Türkiyəyə satılan qazın qiymətini artırmaqla daha çox Türkiyənin Ermənistanla yaxınlaşmasına görə Türkiyəyə müəyyən təzyilər etməyə çalışır”.
Şamo Eminov,
AJAŞ Xəbər
ŞƏRHLƏR