Çörək bol olarsa, basılmaz vətən
Yolum nadir hallarda bu metroya düşürdü. Və bu metronun yanından keçəndə, metronun çıxışında balaca bir taxtanın üstünə çörək qoyub satan yaşlı bir adam diqqətimi çəkirdi. Fikirləşirdim ki, görəsən bu baba bunun insan üçün nə dərəcədə zərərli olduğunu bilirmi? Bilirdisə bəs niyə belə edirdi, yəqin ki, imkansızlıqdan. İsti, soyuq, yağış, qar – bunların heç birinin ona aidiyyatı yox idi.
73 yaşı Əyyub babanın satdığı çörəklər həm əhalinin, həm də özünün orqanizmini təhlükə qarşısında qoyurdu. Çörəklər küçədə nə qədər toz-torpaq varsa, hamısını “canına” yığırdı. Halbuki elə onunla üzbəüz ərzaq dükanında da çörək satılırdı. Bir neçə dəfə müşahidə etdim ki, demək olar dükandan çörək alanları tək-tük hallarda görmək olardı. Amma babanın bazarı, göz dəyməsin, deyəsən, yaxşı idi. “İmkan oldu, dükan açmadıq?”
Bir neçə dəfə babayla nə qədər dil tapıb danışmağa çalışdımsa alınmadı. Elə bilirdi ki, bir kəlmə danışsa, “bazarı” bağlanacaq. Deyirdi: “Sən Allah, məni televiziyada göstərməyin, gəlib çörəkləri əlimdən alıb, özümü də işsiz qoyarlar. Imkansız adamam”.
Axır ki, bir dəfə yola gələn Əyyub baba dərdini açıb-tökdü. Dedi nə eləmək olar? “İmkan var ki, dükan açıb orada çörək satım? Mənim də xoşuma gəlmir səhərdən-axşama qədər daşın üstündə durub çörək satmaqdan. Amma pul qazanmaq lazımdır ki, ailəni dolandıra biləsən”.
“Bu millət canının qədrini bilmir?”
Üzbəüzdə yerləşən ərzaq dükanında çörək satan Elmira Məmmədova isə bu işdən çox narazı idi. Deyirdi ki, orada çörək satılmasa, yaman yaxşı olar. Bütün bazarımız “ölüb”. “Hər gün zavoddan təzə çörək gətirdirik, amma onun çox cüzi hissəsi satılır. Səhər bir də geri qaytarmağa məcbur oluruq. Camaatı başa düşmək olmur. Heç kim canının qədrini bilmir. O cür natəmiz şəraitdə satılan çörəklərə tələb elə çoxdur ki, adam lap təəccüblənir. Özü də səhər 6-dan axşam saat 1-ə, 2-yə qədər çörək satılır. Biri də qalmır çörəyin. Burdan getsəydilər biz də normal şəkildə çörək satardıq”.
Müşahidələr…
Müşahidə etmək üçün bir müddət kənarda gözlədim. Alıcılar arxa-arxaya gəlirdilər. Dedim ki, danışım görüm bu nə məsələdi? Əyyub babanın çörəklərinin satılmasının sirri nədədir? Cavablar müxtəlif oldu. Kimi deyirdi ki, buradakı çörəklər həmişə təzə olur. Bəziləri də iddia edirdi ki, qarşıdakı dükanda boyat çörəklər olur, onda görə də buradan alırlar. Demək olar ki, alıcıların hamısı Əyyub babada çörək növlərinin çox olmağından razı idilər.
“Səyyar ticarət mallarından uzaq olun!”
Söhbət insan orqanizminə təsir göstərən mallardan gedirdi. Ona görə də bu məsələ haqda daha dolğun məlumatı Respublika Gigiyena və Epidimologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovdan öyrəndim: “Ümumiyyətlə, səyyar ticarətdə satılan malları almaq məsləhətli deyil. Çünki bu mallar sertifikatsız, vaxtı keçmiş və bakteriyalarla doludur. Səyyar ticarət dedikdə, əhalinin kütləvi şəkildə toplaşdığı yerlərdə, məsələn, metronun giriş və çıxışlarında, bazar ətrafı və s. ərazilərdə olan küçə ticarəti nəzərdə tutulur. 1992-ci ildən sanitariya haqqında Qanun qəbul edilib. Qanuna görə nəzərdə tutulan əsas məsələ səyyar ticarətin aradan qaldırılması olub. Bu hələ ki, tam həllini tapmayıb. Amma demək olar ki, ildən-ilə azalmağa doğru gedir. Əhali belə mallardan uzaq olmaqla orqanizmini qorumalıdır, xüsusilə də uşaqlar. Çünki balacalar infeksiyalara daha həssas olurlar. Belə natəmiz ərazilərdə satılan keyfiyyətsiz mallar bir çox yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Ən çox müşahidə olunan isə kəskin mədə-bağırsaq xəstəlikləridir”.
Yer ayrılsa dükan tikməyə usta var
Çörəyi satan baba bildirdi ki, heç bir natəmizlikdən söhbət gedə bilməz. “Çörəklər sanitariya cəhətdən tam əlverişlidir”.
Babayla söhbətimi əvvəldən maraqla izləyən Taleh Əliyev adlı ustanın, deyəsən, Əyyub kişiyə yaman canı yanırdı: “Kimin bir az imkanı varsa, balaca dükan açır ki, ailəsini dolandıra bilsin. Dayı üçün yer ayrılsa, mən onun üçün şərait yaradaram. Yazıq kişi səhərdən-axşama qədər daşın üstündə oturub çörək satır ki, heç olmasa 3-4 manat qazanıb evə apara bilsin”.
Bu hadisə Məşədi Əzizbəyov metrosunun təmirdən əvvəlki zamanında baş verib. Əyyub dayı da bu metronun yanında çörək satırdı. İndi bilmirən Əyyub dayı yenə çörək satır, ya yox. Ya da çörək satmağa dükanı varmı???
ŞƏRHLƏR