Ermənistan və Azərbaycan nümayəndələri Tbilisidə görüşəcəklər
25 aprel 2009-cu il, Bakı. Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuranın növbəti toplantısı keçirilib. Toplantıda əsasən Minsk Qrupu ilə vətəndaş cəmiyyətinin münasibətləri, eləcə də bu çərçivədə keçiriləcək görüşlər müzakirə edilib. Bildirilib ki, dünən şura üzvləri Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Eldar Namazov, İradə Bağırova və Əli Abbasov Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın məsləhətçisi Maykl Karpenter ilə görüşüblər. Amerika Mərkəzində keçirilən görüşdə Minsk Qrupu ilə vətəndaş cəmiyyətinin əməkdaşlıq perspektivləri müzakirə olunub. Qərara alınıb ki, mütəmadi olaraq münaqişə tərəfləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşlər keçirsinlər. Toplantıda qeyd olunub ki, növbəti belə görüş may ayının ortalarında Gürcüstanda təşkil olunacaq. IKV/PaxChristy və Helsinki Vətəndaş Assambleyasının təşkilatçılığı ilə keçiriləcək toplantıda vətəndaş cəmiyyəti səviyyəsində münaqişənin tənzimlənməsinə dair müzakirələr aparılacaq. Görüşdə Ermənistanın və Azərbaycanın ictimaiyyət nümayəndələri iştirak edəcəklər. HVA AMK-nın Mətbuat katibliyi
ŞƏRHLƏR