Ekspert Rövşən Ağayev: “Rusiyadan Azərbaycana göndərilən pulun 2,5-3 milyard dollar, bəzən isə daha artıq olduğunu iddia edirlər”
“Rusiyada yaşayan azərbaycanlı mühacirlərin pul köçürmələrinin Azərbaycanın Ümum Daxili Məhsulunun (ÜDM) 1%-ni təşkil etməsi haqda rəsmi məlumatlar bir o qədər inandırıcı deyil”. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev AJAŞ Xəbər-in əməkdaşı ilə söhbətində bildirib. Ekspertin sözlərinə görə, rəsmi məlumatın doğru olduğunu fərz etsək, bu rəqəmin ölkənin pul vəsaitlərinə ciddi təsirindən söhbət gedə bilməz. Çünki ÜDM-nin 1%-i təxminən 380-400 milyon manata yaxın vəsait deməkdir və bu vəsaiti adambaşına bölsək, çox cüzi məbləğ alınar. Lakin Rusiya mənbələrinin verdiyi məlumatlar kifayət qədər fərqlidir: “Rusiya mənbələri azərbaycanlı mühacirlərin öz ölkələrinə pul köçürmələrinin 2,5-3 milyard dollar, bəzən isə daha artıq olduğunu iddia edirlər. Əgər bu rəqəm dogrudursa, kifayət qədər böyükdür – Azərbaycanın ÜDM-nin 8-9 faizinə bərabər vəsait deməkdir”. R.Ağayev, rəsmi məlumatlarla Rusiya mənbələrinin göstərdiyi məlumatların bir-birilə kifayət qədər ziddiyyətli olduğuna görə ekspertlərin bu məsələləri şərh etməyə çətinlik çəkdiklərini vurğulayıb. Ekspert, digər tərəfdən Rusiyadan ölkəmizə gələn vəsaitlərin əhəmiyyətli hissəsinin nəqd, yəni köçürmə yolu ilə yox, insanlar tərəfindən fərdi olaraq gətirilməsini də statistik hesablamalar aparmağı çətinləşdirən amil sayıb. Lakin onu da əlavə edib ki, hər bir halda ölkəyə gələn pulların, hökumətin göstərdiyi rəsmi rəqəmlərdən daha artıq olması haqda formalaşmış fikir var: “Bizim mənzil bazarında aparılan tədqiqatlar da göstərir ki, gələn vəsaitlərin xeyli hissəsi Rusiyadan gələn pullar hesabına təmin olunur. 90-cı illərin axırlarında Rusiyada böhran olanda Azərbaycanın mənzil bazarı da böhranla üzləşdi və məlum oldu ki, Rusiyadan kifayət qədər böyük həcmdə vəsait gəlir”. AJAŞ Xəbər Əvəz Qurbanlı
ŞƏRHLƏR