Dünya bir pəncərədir, hər gələn bir cür baxar
Ocaqsız ev – Qocalar evi
Fikrimdə uzun müddət idi ki, Qocalar evinə getmək var idi. Bir gün iş yoldaşımla vaxt təyin edib getdik Qocalar evinə. İsti bir yay günü idi. Bilgəhə çatanda yolda qarşımıza çıxanlardan Qocalar evinin harada yerləşdiyini soruşduq. Bu zaman yanımızdan yaşı təxminən 70-i keçmiş, amma buna baxmayaraq, gümrah görünən bir dayı keçdi. Onun hara getdiyini bilmədən arxasınca getdik. Elə bil ürəyimizə dammışdı ki, bu dayı bizi axtardığımız yerə aparıb çıxaracaq. Elə də oldu, qapını açdı və böyük həyəti olan darvazadan içəri keçdi. Biz də onun arxasınca. Dayı bizə fikir vermədən yoluna davam edib getdi. Bu zaman qapıda bizi Əhməd dayı qarşıladı və bolluca xeyir-dua verdi. Doğmalarından uzaqda, yadlarla doğmalaşan insanlarla tanış olmaq, söhbətləşmək üçün tələsirdik.Yəqin ki, “Qocalar evi” deyəndə ilk öncə hamı buranın sakinlərinin həyatdan küskün, insanlardan uzaq qaçan, kövrək olduqlarını düşünür. Biz də elə düşünürdük, ta ki, onlarla söhbət edənə qədər. Onların xoş əhval-ruhiyyəsi, səmimilikləri, isti münasibətləri bizi çox sevindirdi. Elə bil ki, biz yox, onlar bizi görməyə gəlmişdi. Söhbətə ilk öncə 84 yaşlı Kamal Manafovla başladıq. O, bizə işlədiyi vəzifələrdən, ailəsilə yaşadığı gözəl günlərdən danışdı. Vaxtilə Yasamal rayon İcra Hakimiyyətində müavin vəzifəsində çalışıb. 2003-cü ildə təqaüdə çıxıb. Bir qız övladı var, ömür-gün yoldaşı isə həyatdan köçüb. Kamal dayının qızı kasıb bir oğlanla ailə həyatı qurur. Ona görə də o, evini, yoldaşından qalan bütün əşyaları, var-dövlətinin hamısını qızına verir, özü isə bura gəlir. Dediyinə görə qızı, yeznəsi və 2 nəvəsi onu tək buraxmır, tez-tez gəlib görüşürlər. Qəlbi cavan olan (özü belə deyir) Kamal dayıdan ayrılıb hamının “nənə” dediyi Hürriyə xanımın otağına getdik. O, ömrünün çox hissəsini həkim işləyib (həkim dostları hələ də onunla görüşür), çox ölkələr gəzib. Gözünün ağı-qarası olan bir oğlunun ölümündən sonra gəlni ilə aralarında problem yaranır. Hürriyə xanım da həyatının qalan hissəsini sakit keçirmək üçün “Qocalar evi”ndə məskunlaşır. Burda neftçi Qurbanın qızı Xalidə xanımla tanış olduq. O, bizə burada tanış olub ailə həyatı qurduğu yoldaşından razılıqla danışdı. Xalidə xanımla söhbətimiz uzun çəkə bilərdi. Təbii ki, nazlı-qəmzəli, bərli-bəzəkli, bir az da səbrsiz olan Ədilə xanım bizi öz otağına çağırmasaydı. O, “Qocalar evi”nin ən modasevər xanımıdı. Burada bir rəfiqəsi var – Brilyant xanım. Həyatda onların hər ikisinin bir dərdi olub – övladsızlıq. Amma buna baxmayaraq, həyatlarından şikayətçi deyillər. “Allahın qismətidir” deyib yaşayırlar. “Qocalar evi”nin kitabxanası da var. Bura yaşı 80-ni keçmiş Georgi Sapinov rəhbərlik edir. O da, bir çoxları kimi yarını burda tapıb. Birinci dəfə burada Vera xanımla ailə qurub. Ayaqları xəstə olduğu üçün qoltuq ağacı ilə gəzir. Gəncliyində bir çox qəzetlərdə müxbir işləyib. Dediyinə görə, bir neçə dəfə yazılarına görə təqib edilib. Gözəl qarmon çalır. ən sevimli işlərindən biri isə foto çəkməkdi.
Həyətə düşəndə Sara adlı bir xanımı həyəti təmizləyən gördük təəcübləndik. Sən demə, buranın sakinlərindən bəziləri işləyib maaş alırlar.
Bilgəh qəsəbəsində yerləşən bu yer Əmək və Müharibə Əlilləri üçün pansionat adlanır. El dilində isə adına “Qocalar evi” deyilir. Bura 1964-cü ildə yaranıb. Hazırda 200-ə yaxın yaşlının evidir. “Qocalar evi”nin sakini olmaq üçün 60 yaş tamam olmalıdı. Burada olanlar yaxınları ilə nə vaxt istəsələr görüşə bilərlər, gedib nə qədər istəsələr onlarla qala bilərlər.
“Qocalar evi”nin sakinlərinin hər birinin öz incidiyi, küsdüyü, pislik görüb bağışladığı və ya bağışlamadığı insanlar var. Amma buna rəğmən həyat eşqləri bir çox cavanlardakından artıqdır.
oxudum, Gunay chox tesirli movzuya toxunmusan,umumiyyetle ister qocalar evi isterse de uwaqlar evlerinin olmasini istemezdim. Qaygidan ve sevgiden uzaq olmamag arzusuyla….
Hmmm… eger heqiqeten de bunu isteyirsinizse komek etmeye chalishariq
Salam dostlar.
Qocalar evine 9 sotluq torpaq mulk baqishlamaq isteyirem. Bu ishin huquqi ve domokratik hellinde kim mene komeklik gostere biler?
Yazi xowuma geldi, tesirlenmedim desem de yalan olar. Bu gun sizin kimi diger gencler de onlari yada salsa pis olmaz!lakin cemiyyetimizi ve insanlarimizin maraqlarini nezere alsaq bu sadece wirin bir royadir.