Faytonçuyam, yüküm ağır…
““Mama, mama, at!” deyib, çox vaxt balacalar özlərini atın ayaqları altına atırlar. Bu vaxt faytonçunun təcrübəsi az olsa vay uşağın halına. Elə faytonçunun da. Kim işini itirmək istəyər ki” deyən atını və işini çox sevən 19 yaşlı Kamrandır. O, Dənizkənarı Milli Parkda (Bulvarda) faytonçuluqla məşğuldu.
“Oxumamağıma görə peşmanam”
Kamran Həsənov Lənkəranda anadan olub. Amma Bakıda oxuyub. 9 illik şagirdlik dövründə bir neçə məktəb “gəzəsi” olub – ən sonuncu seçimi 258 saylı məktəb olub. Amma burada axıra qədər oxumağa hövsələsi çatmayıb. Vaxtında oxumamağına görə o qədər peşman olub ki…Kamran təxminən 5 ilə yaxındır ki, fayton sürməklə məşğul olur. Idman yarışlarında iştirak edib, hippodromlarda da yarışıb. Yarışlarda çox zaman I və II yerlərə sahib olub. Amma rəhbərliklə bir az problemi olduğu üçün oradan uzaqlaşmalı olub. Qonşusu Hüseyn Kamrana “Bulvar”da faytonçu işləməyi təklif edib. Kamran da eləmə tənbəllik gəlib yapışıb işin qulpundan. O gün, bu gündür, artıq 5 ildir çalışır. Səhər saat 9-da işə gəlir, elə axşam da təxminən bu vaxtlar işdən çıxır. Işdən evə, evdən işə atla gedir. At özünün deyil, qonşusu Hüseynindir. Amma adını özü qoyub – Ağayal. Kamranın başqa bir atı da var, ingilis atıdır. Adı da ki, Leysandır. Kamran deyir ki, ata mütləq nal vurulmalıdır. Xüsusən də asfalt yolda gedirsə. Bir nal 15-20 gün gedə bilər. Kamran işindən razı olduğunu deyir. Qazancı isə “sezon”dan asılıdır. Ən yaxşı vaxt may-avqust aylarıdır. Qışda isə iş az olur.
“Dil tapıb yola verirəm”
Kamran deyir, “Bulvar”da insanları tanımaq olmur. Hərə bir xasiyyətdədir. Biri içkili olur, biri hirsli olur. “Di gəl yola ver də. Ona görə əsası şirindil olmaq lazımdır”. Pis hadisələr də olur. Bunu kim eləyir? Təbii ki, cavanlar. Özlərində günah olur, amma günahı atırlar faytonçunun üstünə.
Kamranı tez-tez gəlin gətirmək üçün toylara da dəvət edirlər. Bunun üçün toy adamları əvvəlcədən Kamrana sifariş verirlər. 3-4 gün qalmış gəlib dəqiqləşdirilir. O ki qaldı pula o, məsafədən asılıdır. Özü də toya gedəndə Ağayalı yox, öz atı Leysanı aparır. Kamran deyir ki, əlim yaman düşərlidi: “İndiyə qədər kimin toyuna getmişəmsə, indi həmin ailə uşaqları ilə gəlib faytona minirlər”.
kamranin nomresini nece öyrenmek olar toya fayton sifariş vermək üçün
Kamran menim xalamin balduzu ogludur )) eger ozu burda olursa ve bu sherhi gorurse mene yaza biler )) Kamrana gelecek heyatinda ugurlar )) Firuze