TÜRK DİASPORASI ABŞ’DA…
8 il bundan əvvəl Texas ştatında yaşayan türklər tərəfindən qurulan “Raindrop” 2007-ci il sentyabr ayının 8-9-da Hyustonda bir Türk festivalı keçirdi.
Amerika Birləşmiş Ştatlarının 7 əyalətində fəaliyyət göstərən türklərin “Raindrop” təşkilatı Konqresdəki 62 millət vəkilini və senatoru qondarma erməni soyqırımı haqqında iddiaları ifşa edən sübutlarla tanış etdi.
“12 ildir Konqresin üzvüyəm. Amma ilk dəfədir ki, türk nümayəndələri ilə qarşılaşıram”. Bu sözləri Konqresdə Texas ştatını təmsil edən qadın millət vəkili Şeila Cekson Lee deyib. Onu da deyək ki, ABŞ Konqresində görüşlər keçirən türklər yalnız Şeila Cekson Lee ilə deyil, həm də 62 millət vəkili və senatorla da görüşüblər.
ABŞ-dakı türk toplumunu yenidən bir araya gətirərək, ölkə daxilində fəaliyyətlərini gücləndirən yeni qurumun adı “Raindrop Türkevi”dir. Bu qurumun qısa müddət ərzində Konqresin üzvləri arasında apardığı uğurlu iş artıq öz nəticəsini verməyə başlayıb. Belə ki, Texas ştatını təmsil edən bir başqa senator Eddie Bernice Conson “Raindrop”un Türkiyə və Amerika toplumuna göstərdiyi faydalı fəaliyyəti təqdir edən bir qanun layihəsi hazırlayaraq, ötən ilin may ayında onu Konqresin Nümayəndələr Palatasına təqdim etdi. Müzakirələr zamanı bu sənəd səs çoxluğu ilə qəbul edildi. Üstəlik, bu qanun layihəsi ermənilərin illərdir Konqresdə qəbul etdirməyə çalışdıqları qondarma soyqırımı layihəsi ilə eyni gücə malik olan bir sənəddir. Qeyd edək ki, “Raindrop”un ingiliscədən tərcüməsi “Yağış damlası” anlamına gəlir. “Raindrop”un məşhur xəstəxanaları ilə tanınan Hyuston ştatında, Dallasda, üç il bundan əvvəl Katrina qasırğasının alt-üst etdiyi Nyu Orleanda, keçmiş Prezident Bill Klintonun məmləkəti olan Little Rockda, 1995-ci ildə həyata keçirilən terror hadisəsi nəticəsində 168 nəfərin həlak olduğu, 800 nəfərdən artıq adamın isə yaralandığı Oklahoma Citidə mədəniyyət mərkəzləri var.
Mehtər və səmadan “yağan yağış”
8 il bundan əvvəl Texas ştatında yaşayan türklər tərəfindən qurulan “Raindrop” 2007-ci il sentyabr ayının 8-9-da Hyustonda bir Türk festivalı keçirdi. Festivala qatılan 8 min amerikalı “Ayna” qrupunun verdiyi konsertdə “Giziroğlu”nu və “Akdeniz”i dinlədi. 17 yaşındakı lisey şagirdi Carla Neli: “Bu mahnıların sözlərini anlamadım, ancaq musiqisi və ritmi inanılmaz dərəcədə oynaq idi”-demişdi. Festivalda Türkiyə ilə yanaşı, Azərbaycan, Bosniya, Türkmənistan, Qazaxıstan və Özbəkistandan da gələnlər iştirak edirdilər. Beləliklə, Balkanlardan başlayaraq, Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yaşayan türklərin mədəniyyəti ilə yeni dünyanın (Amerika) tamaşaçıları tanış oldular. Qeyd edək ki, rəqsləri təqdim edən qrup 7 milləti təmsil edən nümayəndələrdən təşkil olunmuşdu. Festivala qatılan amerikalılar həmçinin “İnəgöl Mehtər” qrupunun konsertlərini maraqla izlədilər. “Mehtər” qrupunun Texas ştatında verdiyi 7 konsertə 11 min amerikalı tamaşa etdi. Tamamilə maaş almayan və ictimai əsaslarla çalışan “Mehtər” qrupu Çikaqo ştatında keçirilən analoji festivalda da iştirak edərək, tamaşaçıların alqışlarını qazandı. 20 gün ərzində bu qrupun Amerikada verdiyi konsertlər yalnız amerikalıları deyil, burada yaşayan türkləri də xeyli məmnun etdi. “Raindrop”un rəhbərləri bütün bunlarla əlaqədar “Mehtər” qrupuna fədakarlıqlarına və göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürlərini bildirdilər. Yenə də “Raindrop”un təşkilatçılığı ilə Konyadan ABŞ-a dəvət edilən Mövləvi dərvişlər 2002-ci ildən bəri Dallasdan Meksika sərhədinə qədər uzanan ərazidə yerləşən 15 müxtəlif şəhərdə səma oyunları nümayiş etdirdilər. Bu konsertlərə 20 min amerikalı tamaşa etdi. Mövləvi dərvişlərinin konsertlərindən birində iştirak edən professor Tomas Lynch bildirdi ki, amerikalılar səma tamaşalarındakı melodiyaları və sözləri başa düşməsələr də, baş gicəlləndirən rəqslərə heyranlıqla tamaşa etdilər. Onu da deyək ki, Mövlana Amerikada şeirləri ən çox oxunan bir xarici şair hesab edilir. “Raindrop”un digər bir xidməti isə ABŞ-ın şəhərlərini gəzərək oralarda rəsmi vəzifələrdə çalışanlarla görüşlər keçirməsidir. Məsələn, Texas əyalətində “Raindrop” Konsitutsiya Məhkəməsinin rəhbəri, Dallasda isə yerli Polis İdarəsinin başçıları ilə görüşüb.
ABŞ-dakı türklər “biz də varıq” deyirlər
Bir çox Konqres üzvü ilə keçirilən görüşdə ən çox vurğulanan bir söz eşidilir. İlk dəfə türklər: “Biz də varıq”, – deyirlər. “Raindrop”un müxtəlif ştatlarda qurduqları mədəniyyət mərkəzləri və yerlərdə keçirdikləri görüşlər Türkiyənin ABŞ-dakı səsi halına gəlməkdədir. Onu da deyək ki, senator, ABŞ prezidentliyinə namizəd Hillari Klintonla Baş nazir Rəcəb Tayyib Ərdoğanı da bir araya gətirərək, onların görüşünü təşkil edən Nyu-Yorkdakı Türk Mədəniyyət Mərkəzi olub. “Raindrop” faktiki olaraq, ABŞ-da Türkiyənin lobbisi halına gəlib. Erməni soyqırımına qarşı “Raindrop”un müxtəlif ştatlarda keçirdiyi görüşlər və apardığı təbliğat öz bəhrəsini verməkdədir. Bu qurumun fəalları 2007-ci ili yanvar ayının sonuncu həftəsindən başlayaraq, fevral ayının ortalarına kimi Konqres üzvlərini ziyarət edərək, onlara qondarma soyqırımı haqqında əsl həqiqətləri anlatdılar. ABŞ-ın 7 ştatında – Texas, Arkanzas, Kanzas, Luisiana, Missisipi, Oklahoma və Missuri ştatından Konqresdə təmsil olunan 56 millət vəkili və 7 senatorlarla keçirilən görüşlər soyqırımı məsələsində Türkiyənin mövqeyinin dəstəklənməsi ilə nəticələndi.
“Ermənilərə bilmədən dəstək vermişik”
“Raindrop”un görüşdüyü bir çox konqresmenlər Birinci Dünya savaşı zamanı baş verən hadisələr barədə məlumatları ermənilərin onlara təqdim etdikləri sənədlərdən aldıqlarını söyləyirlər. Türklər tərəfindən o dövrdə baş verən hadisələrlə əlaqədar onlara təqdim edilən sənədlərdən əsl həqiqəti öyrəndiklərini deyən Konqres üzvləri: “Amerikanın türk toplumu ilk dəfə Konqresə gələrək bizləri məsələ ilə tanış edirlər. Hər il məclisdə təsdiqlənmək üçün müzakirəyə çıxarılan soyqırımı məsələsinə ermənilər insan haqlarının qorunması adı altında haqq qazandırırlar” – deyirdilər.
“Raindrop”un Konqres üzvləri və senatorlarla keçirdikləri görüşlərdən sonra Missisipi ştatından seçilən millət vəkili Emanuel Kliyer “Öncədən soyqırımını bir tarixi həqiqət kimi qəbul edirdim. İlk dəfə türk tərəfi bununla bağlı mənə sənədlər təqdim etdilər”, – demişdi. Kanzas ştatından Konqresə seçilən Denis Mur isə Türkiyə tərəfinin ona təqdim etdiyi sənədlə tanışlıqdan sonra etiraf etmişdi ki, soyqırımı ilə əlaqədar sənədi imzalamaqda səhv edib. Oklahoma ştatından olan Konqres üzvü Dan Boren: “Düzünü söyləyəcəyəm. Qanun layihəsinin yalan, ya doğru olduğunu bilmirdim. Kaliforniyadan olan həmkarlarımın təklifi ilə bu sənədin mahiyyətini bilmədən onu imzaladım. Belə hesab edirəm ki, bu sənədi imzalayanların əksəriyyəti əsl həqiqətdən xəbərdar deyillər”, – demişdi. Eyni zamanda ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin üzvü, Texas ştatından seçilən millət vəkili Şeila Cekson Lee 12-illik fəaliyyəti ərzində bir dəfə də olsun məsələ ilə bağlı türk tərəfindən hər hansı bir adamın ona müraciət etmədiyini və nəticədə soyqırımını əsl həqiqət kimi qəbul etdiyini deyir. Bununla bağlı ilk dəfə türk tərəfinin ortaya qoyduğu sənədlərlə tanış olduğunu söyləyən Konqres üzvü soyqırımı layihəsini heç oxumadan imzaladığını vurğulayır. Arkanzasdan olan digər Konqres üzvü Con Buzman: “Məsələ ilə əlaqədar Nyu-York ştatından yanıma gələnlər olmuşdu. Amma özüm seçildiyim bölgədən yanıma gələn türkləri görəndə heyrətə düşdüm və eyni zamanda bu məni məmnun etdi. Qanun layihəsinin əleyhinə səs verəcəyəm”, – demişdi. Texasdan seçilən qadın millət vəkili Eddie Conson onun yanına gələn türk nümayəndələrinə: “Erməni Milli Komitəsi üzvləri hər il millət vəkilləri və senatorlarla görüşərək, onların arasında təbliğat aparırlar. Ona görə də sizin bu fəaliyyətiniz 2 milyon dollara fəaliyyət göstərən bir lobbi şirkətinin gördüyü işlərdən daha çox fayda verəcək”, – deyib.
Texasdan olan Konqres üzvü Gene Grin Prezident Buşa məktub göndərərək, ondan qondarma erməni soyqırımını tanımasını xahiş edənlərdən biridir. O da Hyustondan olan ermənilərin bu məsələdə onunla müntəzəm olaraq görüşdüklərini və layihənin imzalamasını xahiş etdiklərini söyləyir. O: “Bu vaxta kimi türklərdən bununla bağlı heç nə eşitmədik. Türklərin bu məsələdə daha çevik fəaliyyət göstərmələrinə ehtiyac duyulur”, – deyib. “Raindrop”un məsələ ilə əlaqədar Vaşinqtonda keçirdiyi görüşlər, nəhayət ki, öz nəticəsini verdi. Konqresin 4 üzvü qondarma soyqırımına verdiyi dəstəyi geri götürdüyünü bildirdi.
genishlenmek lazimdi 🙂
getdikce diasporamiz guclenir..insallah daha da yaxsi olar…